Cəmiyyətdə belə bir fikir var: Əziyyət, zülm, zorakılıq görən qadına deyirlər ki, niyə vaxtında boşanmırdın?
Bizim cəmiyyətdə bir qadının boşanması onun ər evində çəkdiyi zülmdən daha betər əziyyətdir. Ərdən başqa ata, qardaş, əmi, dayı, əmioğlu, dayıoğlu faktoru var ki, boşanan qadına sahib çıxmaq istəmirlər. Təbii ki, müəyyən istisnalar var, amma ümumilikdə bu amillər sonda qadının ölümü ilə nəticələnir. Az görməmişik axı, boşanan qadının atası, qardaşı, əmisi, dayısı və sair “qohumları” tərəfindən öldürüldüyünü.
Dünəndən sosial şəbəkələrdə bir xəbər yayılıb ki, boşanma ərəfəsində olan qadın əri tərəfindən qaçırılıb. Üstəlik bu “əməliyyata” qızın atası da yardımçı olub. Baxın, bu, böyük problemlərin başlama ssenarisidir. Əlbəttə, heç kim ailəsinin dağılmasını istəməz, bunu atadan, qardaşdan çox qadının özü istəməz, çünki sonradan cəmiyyətin ona qarşı ön yarqısını o özü daha yaxşı başa düşür.
Odur ki, qadınlara sahib çıxmaq lazımdır. 19 gündə 9 qadının öldürülməsindən yaxşı necə siqnal ola bilər? Bir gender bərabərliyi deyə bir şey atılıb ortaya, onu hüquq bərabərliyindən çıxarıb hər istiqamətə çəkirlər. Belə olmaz! Bir qadın əziyyət çəkirsə, ona sağ olan vaxtı sahib çıxın, öləndən sonra yazılan, deyilən bütün sözlər sadəcə olaraq boşunadır.
Milli Cəbhə Partiyası - MCP
Almaz Mammedova