Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Möhtəşəm qardaşlıq -VAQIF ABDULLAYEV YAZIR

Möhtəşəm qardaşlıq


Prezident İlham Əliyevin qardaş ölkədə baş vermiş təbii fəlakətin acılarının yaşandığı günlərə təsadüf edən səfəri ilk gündən həmrəyliyini, qardaş köməyini göstərən Azərbaycanın Türkiyənin hər gün, hər dəqiqə yanında olduğunu, sarsılmaz qardaşlığın bir daha qürurverici mənzərəsini əks etdirdi.

Cənab İlham Əliyevin bu faciədən çox kədərləndiyini və Azərbaycan xalqını dərindən sarsıtdığını ifadə etməsi, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımlarının və digər köməyinin sona qədər davam etdiriləcəyini diqqətə çatdırması Bir Ananın İki Övladının örnəkverici obrazının nümayişi idi. Bu, Azərbaycan xalqının qəlbindəki səmimi və nəcib duyğuların ifadəsi idi.

Türkiyə çətin zamanlarda həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da bu ağır sınaqlarda qardaşını tək qoymayır, 20 gündür ki, böyükdən kiçiyə hamı səfərbər olaraq ardı-arası kəsilmədən maddi-mənəvi dəstəklərini davam etdirir. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Türkiyəyə kömək üçün canla-başla çalışır.

Rəcəb Tayyib Ərdoğan də bəyan etdiyi kimi Azərbaycanın ilk gündən dəstək və həmrəyliyi ilə Türkiyənin könlünü fəth edib, acılarını yumşaldıb və yaralarını sağaltmaqda dimdik ayaqdadır. Azərbaycanlı xilasedicilər və həkimlər zəlzələ bölgəsində cəsarətlə və əzmlə çalışaraq bir ailənin, bir ocağın başında Türk bacı və qardaşlarının arxa-dayağına çevriliblər.

Dövlət başçılarının ümidverici nikbin fikirlərindən də görmək mümkündür ki, Türkiyə-Azərbaycan sarsılmaz qardaşlığı sayəsində üzləşdiyimiz bu sınaqlı günləri də arxada qoyacağıq, yeni uğurlara, səssalan layihələrə, bölgədə əməkdaşlığa töhfə verən misilsiz nailiyyətlərə imza atacağıq.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müdrik rəhbərliyi sayəsində Azərbaycan və Türkiyə bölgədə, Qarabağda, Zəngəzurda hələ neçə-neçə açılışlar edəcəklər, Qırmızı lentləri kəsəcəklər.

Azərbaycan və Türkiyə təkcə bu iki ölkənin deyil, həm də Türk dünyasının sabit və firavan gələcəyi üçün dayanıqlı və davamlı addımlar atacaqdır.

Tanrı Azərbaycan və Türkiyə qardaşlığını daha da sarsılmaz etsin!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş