“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq məqsədilə beynəlxalq təşəbbüslərin artması təqdir edilsə də, lakin bu təşəbbüslərin fonunda sülh prosesindən qaçan Ermənistana hər hansı bir təzyiqin göstərilməməsi təəssüf doğurur”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun açıqlamasında qeyd edilib. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Ermənistanın sülhə məcbur edilməməsi həmin təşəbbüslərin də səmimiliyinə şübhə yaradır:
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşü, ötən həftə sonu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Bakı və İrəvan rəsmilərinin bir araya gələcəyi barədə xəbərlərin yayılması, bu həftə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfər etməsi məhz həmin beynəlxalq təşəbbüslərin tərkib hissəsidir. Ancaq təəssüflər olsun ki, Azərbaycan ərazilərinin işğala məruz qaldığı 30 ilə yaxın müddətdə olduğu kimi, indi də beynəlxalq təşəbbüskarlar sülh müqaviləsindən hər cür yayınmağa çalışan Ermənistana qarşı hər hansı bir addım atıb onu sülhə məcbur etməyə maraqlı görünmürlər. Bu da öz növbəsində sadaladığımız təşəbbüslərin səmiyyətdən uzaq, yalnız proseslərdə moderatorluğu ələ almaq cəhdi kimi görünür”.
Analitik Qrup hesab edir ki, proseslər belə davaç edəcəyi və təşəbbüskarların Ermənistanı sülhə məcbur etmə cəhdləri olmayınca, hər hansı bir sülh müqaviləsinin bağlanmasından söhbət belə gedə bilməz.
Mehman