İsrail və Fələstin nümayəndə heyətləri bazar günü İordaniyanın Aqaba şəhərində bir araya gəlib. Görüşdə ABŞ, İordaniya, Misir nümayəndələri də iştirak edib. Tərəflər keçirilən danışıqlarda etimadı bərpa etmək və yaranan problemləri dialoq yolu ilə həll etmək üçün tədbirlər görməyə razılaşıblar.
Nə baş verir?
İsrail ilə Fələstin arasında keçirilən Aqaba görüşü indiki məqamda mühümdür. Tərəflər uzun illər idi ki, bu səviyyədə bir araya gəlmirdi. Eyni zamanda tərəflər heç bir halda ortaq məxrəcə də gələ bilmirdi. Lakin Aqaba görüşündə uzun illər sonra ilk dəfə danışıqlarda etimadın bərpası yaranan problemləri dialoq yolu ilə həll etmək üçün tədbirlərin görülməsinə razılıq verildi.
Görüşdə ABŞ İordaniya və Misir nümayəndələrinin iştirak etməsi isə onu deməyə əsas verir ki, tərəflər arasında Aqaba görüşünün ardı olacaq və bu tipli görüşlər bundan sonra da davam edəcək.
Hələlik yekun sülhdən danışmaq üçün tez olsa da verilən qərarlar sülhə yönəlikdir və effekti olacağı gözlənir.
İndiki məqamda İsrail ilə Fələstin arasında sülhün əldə edilməsi həm Təl-Əviv, həm də Vaşinqton üçün olduqca vacibdir. Məsələ ondadır ki, İran hazırda nüvə silahı əldə etməyə çox yaxındır və bu fakt öz növbəsində İsrail-İran toqquşmasının qaçılmaz olduğu deməyə əsas verir.
Prinsip etibarilə uzun müddətdir İran-İsrail arasında kölgə müharibə gedir, ancaq tərəflər hələ də açıq toqquşmaya keçməyiblər. Lakin Təl-Əviv hazırda buna hazırlaşır və ehtimal İran-İsrail müharibəsi fonunda Tehranın arxadan zərbə vurmasını istəmir. Rəsmi Tehran indiki məqamda İsrailə Livan və Fələstin üzərindən zərbələr vura bilər.
Vaşinqton və Təl-Əviv bunun qarşını almaq üçün Fələstinlə müvəqqəti sülhün əldə edilməsində qərarlıdır və bunun effektiv olması üçün Misir və İordaniyanın da vasitəçiliyini irəli sürürlər.
“Ərəb-İsrail” müharibəsi ssenarisi İranda tətbiq edilə bilər
Aydın məsələdir ki, İranın nüvə silahını əldə edə bilməsi Yaxın Şərqdə kartların yenidən paylanmasına səbəb olacaq. Məsələ ondadır ki, ABŞ regionda təkcə tərəfdaşı olan İsrailin nüvə silahına malik olmasını istəyir. Bu silahın İranda olması Vaşinqtonun özü üçün də əlavə risklər deməkdir.
Digər tərəfdən, ABŞ yaxşı bilir ki, İranın nüvə silahına sahib olması regionda nüvə yarışı başladacaq. Misal üçün, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələr də nüvə silahı əldə etmək istəyəcək.
Lakin Vaşinqtonun ehtimal İsrail-İran müharibəsində Təl-Əvivə birbaşa dəstək verəcəyi, müharibədə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil. Ümumiyyətlə bu məsələdə Vaşinqtonun daxilində ciddi fikir ayrılıqları var. Digər tərəfdən, ABŞ-ı Rusiya və Çin kimi böyük problemlər narahat edir.
Mümkündür ki, ABŞ belə bir müharibə olacağı təqdirdə birbaşa olmasa da dolayı yolla İsrailə dəstək verəcək. Misal üçün, 1967-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Vaşinqton müharibədə birbaşa iştirak etməsə də, Təl-Əvivə lazımi silah və maliyyə yardımı etmişdi.
Bakının proseslərdəki yeri
İsrail və Fələstin nümayəndə heyətlərinin bazar günü Aqaba şəhərində bir araya gəldiyi zaman Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsraildə səfərdə olması diqqət çəkir.
Bakı proseslərin mərkəzində olmasa da kənar oyunçu kimi iştirak edir. Azərbaycan İsrail və Fələstin arasında uğurlu balans siyasəti aparır və hər iki tərəflə də isti münasibətləri var. Yəni Aqaba görüşündə İordaniya, ABŞ, Misir nümayəndələrinin iştirak etməsi onların birbaşa aktorlar olduğunu göstərir. Bakı isə proseslərin ikili görüşlər qanadını təşkil edir.
Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə yanaşı, kənd təsərrüfatı naziri İnam Kərimovun da İsraildə olması Bakının proseslərdəki yerini kamuflyaj etməsidir. Bunu həm də Tehranın ehtimal narazılığını bloklamağa hesablanan addım kimi qiymətləndirmək olar.
Turan Rzayev-politoloq