Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir müddətdir imam, imam müavini, dini ayinlərin icraçısı vəzifəsinə keçirdiyi müsahibələrdə iştirak edən namizədlərin böyük əksəriyyətinin uğur qazana bilməməsi dini fəaliyyət sahəsində görməli olduğumuz işlərin hələ çox olduğunu göstərir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkilinin sözlərinə görə, onu da nəzərə almalıyıq ki, din həm də təhlükəsizlik məsələsidir:
"Bu gün İranın sosial şəbəkələr vasitəsilə Azərbaycana yönəlmiş dini təbliğatı sürətlə davam edir. Bu baxımdan dini fəaliyyət sahəsində islahatların daha da sürətlənməsinə, dini təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinə ciddi ehtiyac var".
Ceyhun Məmmədov daha sonra bunlarə qeyd edib:
"Bu gün reallıq ondan ibarətdir ki, paralel dünyalarda yaşayırıq. Ayrı-ayrı dini qruplar Azərbaycanda dini duruma təsirlərini gücləndirmək, ətraflarına daha çox dindar kütləni toplamaq üçün ciddi səylə çalışır və yarışırlar. Hər gün bu məqsədlə sosial şəbəkələrdə, xüsusilə TikTokda və Youtube-da yüzlərlə videolar yayılır. Əgər bu təbliğatın əsas məqsədi həqiqi dini dəyərlərin təbliğatı olsaydı burada heç bir problem olmazdı. Ancaq burada söhbət ayrı-ayrı ölkələrin dövlət-din münasibətləri modelinin ölkəmizə ixrac olunmasından gedir. Bu da özü-özlüyündə çox ciddi siqnalıdır".
Millət vəkili hesab edir ki, hazırda ölkəmizdə bu sahədə mövcud problemlərin həlli məqsədilə iki istiqamətdə iş aparılır:
"Biri inzibatidir ki, bu metod da hər zaman uğurlu olmur. İnzibati metodlarla yanaşı ciddi ideoloji işin aparılmasına ehtiyac var. Biz çalışdığımız kimi qarşı tərəf də çalışır. Onu da qeyd etmək lazımdır ki, Sovet hökuməti nə qədər çalışsa da dini insanların həyatından tam çıxara bilmədi. Bu gün ölkədə siyasi-ictimai durumun təhlili göstərir ki, insanların dinə münasibəti çox həssasdır. Bu həssaslıqdan kənar qüvvələrin istifadə etməməsi üçün çox çalışmalıyıq".
Mehman