“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında rəsmi Bakının Laçında gömrük və nəzarət buraxılış məntəqələrinin quraşdırılması istəyinə qarşı çıxması Azərbaycan tərəfindən qəbul edilə bilməz. Laçın Azərbaycanın tərkib hissəsidir və Azərbaycan istədiyi zaman orada gömrük, nəzarət buraxılış məntəqələri qoya bilər”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Lavrovun mətbuat konfransında 2020-ci il, 10 noyabr üçtərəfli bəyanatına istinad etməsi öz-özlüyündə yaxşıdır:
“Ancaq diqqət edək görək ki, elə həmin bəyanata Rusiyanın özü, onun sülhməramlı kontingenti əməl edirmi? Əlbəttə yox. Əgər Rusiya, onun sülhməramlı kontingenti müvəqqəti nəzarəti altında olan Qarabağa qeyri-qanuni səfərlərin qarşısını alsa, separatçıların silahlandırılmasına yönəlik addımlara göz yummasa, Qarabağda ekoloji terrorun həyata keçirilməsini önləsə, o halda indiki halda Azərbaycan Laçın yolunda gömrük və nəzarət buraxılış məntəqəsinin qoyulmasına ciddi şəkildə israr etməzdi”.
Əvvəl -axır belə bir postun və nəzarət buraxılış məntəqəsinin qoyulacağına diqqət çəkən İctimai Birlik sədri deyib ki, Ermənistan nə qədər kompromislik nümayiş etdirib sülh müqaviləsinin imzalanmasına maraqlı olsa, sərhəd xətti tam müəyyənləşsə, həmin mənətəqələr də bir o qədər tez qoyular: “Bir daha qeyd edirəm ki, üçtərəfli bəyanatı əsas götürən Lavrov, gərək ölkəsinin, eyni zamanda Ermənistanın da həmin bəyanata əməl etməsini təmin edə”.
Mehman