“Qafqaz regionu hər zaman böyük güclərin maraqlarının toqquşduğu məkan olub. Bu gün də həmin vəziyyət özünü daha fərqli formada göstərməkdədir”.
Bu fikirləri Newscenter.az-a politoloq Turan Rzayev Rusiya XİN-in sözçüsü Maria Zaxarovanın Qərbi Qafqaza soxulmaqda ittiham etməsi və regionun Rusiya ilə Qərbin yeni bir mübarizə meydanına çevrilməsi mümkünlüyünə aydınləq gətirərkən səsləndirib. O bildirib ki, xüsusilə 44 günlük müharibədən sonra regionda siyasi və geosiyasi vəziyyət əsaslı surətdə dəyişib:
“Bu da öz növbəsində böyük güclər arasında kartların yenidən paylanmasına gətirib çıxarıb. Məsələ ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda birincinin başının özünıə qarışması Qərbin Qafqaz regionuna nüfuz etməsi və Rusiyanın buradakı mövqelərinin zəiflədilməsi ilə müşahidə edilib. Bunun ən bariz nümunəsi isə Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda olmasıdır. Missiyanın tərkibinə də baxdıqda aydın görürük ki, bu nə qədər mülki missiya adı daşısa da, lakin ümumilikdə Rusiyanın Ermənistandakı hərbi varlığını qırmağa yönəlmiş bir qurumdur. Ona görə də bu gün Avropa İttifaqının missiyasının Ermənistanda olması Rusiyanı ciddi şəkildə narahat edir və Zaxarovanın açıqlaması da məhz bundan irəli gəlir”.
Turan Rzayev onu da deyib ki, artıq Qərb Rusuyanın "arxa bağçası" hesab olunan regiona müdaxilə edib və Kreml də bundan ciddi şəkildə narahatdır.
Anar