Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı görüşündə nələr baş verib?

Xocalı görüşündə nələr baş verib?


Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Prinsip etibarilə belə bir görüşün keçirilməsi gözlənilirdi. Rəsmi Bakı dəfələrlə elan edib ki, Qarabağdakı erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların ən qısa zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya olunması və mübahisəli məsələlərin ən qısa zamanda həll edilməsi Bakının prioritetdir.

Milli Məclisin deputatı Ramin Məmmədovun erməni sakinlərin təmsilçiləri ilə görüşdə təmas üzrə məsul şəxs qismində iştirak etməsi isə xüsusilə diqqət çəkir. Ehtimal ki, bu qəbildən görüşlər bundan öncə də olub və Bakı hazırda kartlarını açıq oynayır. Bu həm də onu deməyə əsas verir ki, Bakı prosesi ən qısa zamanda bitirmək niyyətindədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədovun da görüşdə iştirak etməsi onu deməyə əsas verir ki, görüşdə əsasən Bakının şərtləri, istəkləri müzakirə dilib. Ehtimal müzakirə mövzuları isə bunlardır:

1. Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan təhlükəsizlik qüvvələrinin də nəzarət etməsi;
2. Ermənistandan Qarabağa silah-sursat və bu qəbildən daşınmaların dayandırılması;
4. Azərbaycan torpaqlarının qanunsuz istismarı və Ermənistana təbii sərvətlərin qanunsuz daşınması;
5. Şuşa-Xankəndi yolunda davam edən aksiya iştirakçılarının tələblərinin yerinə yetirilməsi.

Görüşün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra baş verməsi həm də onu deməyə əsas verir ki, Kreml Bakının şərtlərini qəbul edib.

Erməni əsilli sakinlərin təmsilçiləri ilə görüşlərin bundan sonra da keçirilməsi gözlənilir. Bakı prosesin ən qısa zamanda ərazi bütövlüyü çərçivəsində yekunlaşmasında maraqlıdır. Növbəti görüşlərin Gəncə və ya Bakıda keçirilməsi mümkündür.

Turan Rzayev-politoloq
Xəbəri paylaş