Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.
Newscenter.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB evinin fəaliyyəti, burada sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər barədə ətraflı məlumat verib.
Süleyman Əl-Casir və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə yerli KOB-ların inkişafı sahəsində əməkdaşlıq, KOB-ların maliyyələşdirilməsi və bu sahədə alternativ maliyyələşdirmə alətləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti də “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bakıt Torobayev arasında keçirilmiş görüşdə hər iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığa və bu əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Sonra KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Qırğızıstan nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib. Görüşdə Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev, Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru Umbriel Temiraliyev və Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev iştirak ediblər. Görüşdə Qırğızıstan nümayəndə heyəti tərəfindən bu ölkənin iqtisadiyyatına, müxtəlif sektorların potensialına və investisiya qoyuluşu imkanlarına dair məlumat verilib, Azərbaycan iş adamlarının Qırğızıstan iqtisadiyyatına və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.
Sevinc