Xəbər verildiyi kimi, Milli Məclisin deputatları Kamaləddin Qafarov və Anar Məmmədov Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə -Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada keçirilən anım tədbirində iştirak etmişlər. Tədbir Xocalı soyqırımına və fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuşdu.
Newscenter.az xəbər verir ki, tədbirdən sonra millət vəkilləri Ankara Universitetinin Uşaq Xəstəxanası Şəhərciyinə gəlmiş, burada zəlzələ zamanı müxtəlif xəsarətlər almış uşaqlarla görüşmüşlər. Ankara Universitetinin rektoru, professor Nəcdət Ünüvar millət vəkillərinə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ və ölkədə onun nəticələrinin aradan qaldırlması sahəsində görülmüş işlər barədə məlumat vermişdir. N. Ünüvar Ankara Universitetinin Uşaq Xəstəxanası Şəhərciyinə müayinə və müalicə üçün gətirilmiş uşaqlara göstərilən xidmət və qayğıdan danışmışdır. Burada müalicə ilə yanaşı, reablitasiya tədbirlərinin reallaşdırılması xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kamaləddin Qafarov, Anar Məmmədov, onları müşayiət edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla əlaqələr üzrə işçi qrupunun sədri Şamil Ayrım palataları gəzmiş, burada müalicə alan uşaqlarla söhbətlər etmişlər. Tibbi personal, eləcə də uşaqlar zəlzələdən dərhal sonra birinci olaraq türk qardaşlarına yardıma gəlmiş azərbaycanlı mütəxəssislərin, tibbi heyətin və xilasedicilərin fədakar işlərindən minnətdarlıqla söz açmışlar. Palataların Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi bir millət, iki dövlətin dar gündə bir-birinin yanında olmasının, qardaş təəssübkeşliyinin simvolu idi.
Millət vəkilləri uşaqların səhhəti ilə maraqlanmış, müalicə protokolları ilə tanış olmuş, onlara tezliklə sağalıb ayağa qalxmağı arzulamışlar.
Mehman