Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağın erməni sakinləri bizim vətəndaşlarımızdır

Qarabağın erməni sakinləri bizim vətəndaşlarımızdır


“Ötən gün Azərbaycan rəsmilərinin Qarabağ iqtisadi regionundakı erməni əhalinin nümayəndələri ilə Xocalıda keçirilən görüşünü tarixi görüş hesab etmək olar. Qarabağın erməni sakinləri bizim vətəndaşlarımızdır və rəsmi təmsilçilərimizin onlarla görüşləri son nəticədə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına təkan vermək baxımından olduqca əhəmiyyətli və müsbət addım kimi dəyərləndirilməlidir”.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama iləı çıxış edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, biz Qarabağdakı mülki ermənilərlə bağlı siyasi proseslərə nə vaxtsa start verməliydik:

“Hesab edirik ki, həmin vaxt, həmin məqam artıq yetişib. Ermənilərin indi iki seçimi var: onlar ya Azərbaycan vətəndaşlığını qəbul edərək bizim qanunlarımıza uyğun yaşamalıdırlar, yadaki əks təqdirdə ərazilərimizi tərk etməlidirlər. Rəsmi Bakının vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə yaşamağına izn vermək fikri yoxdur və bu da ən düzgün mövqedir. Biz separatçılığa “yox” deyən, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən mülki ermənilərə sahib çıxmağa hazırıq. Dövlət başçımız İlham Əliyev də dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan erməni sakinlər Azərbaycan Respublikasının vətəndaşlarıdır və onlar Azərbaycan vətəndaşlığını qəbul edərək digər vətəndaşlarımız kimi dövlətimizin imkanlarından yararlana bilərlər. Və bu gün bununçün əlverişli şərait yetişməkdədir. Qarabağın erməni sakinləri ilə təmasların, dialoqun başlaması onların həyatında böyük dönüş yaradacaq. Belə ki, Azərbaycan dövlətinin təhlükəsizlik təminatları ilə yaşamaq imkanı qazanan ermənilər müharibə cinayətləri törətmiş, separatçılıq xəttini seçmiş və hazırda da revanşizmə can atan terrorçu-separatçı erməni qüvvələrinin istismar və təzyiqləri altında girov kimi yaşamaqdan qurtulacaqlar. Bu isə separatçıların, revanşistlərin mülki ermənilərin taleyi ilə manipulyasiya etmələrinə və onlardan alət kimi, hədəf kimi istifadə etmələrinə son qoyacaq. Bu mənada belə görüşlərin keçirilməsi ilk növbədə Qarabağdakı mülki ermənilərin özləri üçün faydalıdır”.

MHP sədri deyib ki, burada digər bir məqam da olduqca önəmlidir:

“Rəsmi Bakı Qarabağ erməniləri ilə münasibətlərin məcraya qoyulması üçün məhz parlament xəttinin seçilməsinə üstünlük verib və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üçün Milli Məclisin deputatı Ramin Məmmədovu məsul şəxs qismində sözügedən görüşün baş tutmasından ötrü Xocalıya ezam edib. Təəssüf ki, məsələlərə bayağı və səthi münasibət bildirməyə vərdiş etmiş bəzi sosial şəbəkə istifadəçiləri Ramin Məmmədovun təcrübəsiz olduğunu bildirirlər. Ancaq həmin diletantlar Ramin Məmmədovun kifayət qədər kompetent bir şəxs olmasından bixəbərdirlər”.

Partiya sədri hesab edir ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis olan, bir neçə xarici dil bilən və xaricdəki diasporlarımızla əlaqələrimizin genişləndirilməsi sahəsində böyük təcrübə qazanan, Çin, Fransa, İsrail, İtaliya, Tailand, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, habelə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvü kimi fəaliyyət göstərən R.Məmmədov bu danışıqları müvəffəqiyyətlə başa çatdırmaq üçün kifayət qədər geniş təcrübə və potensiala malikdir:

“Üstəgəl, Ağdərə şəhərində doğulan R.Məmmədov necə deyərlər, ərazini də, erməniləri də yaxşı tanıyır, ermənilərin xislətinə daha yaxından bələddir. Ona görə də Ramin Məmmədovun Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsi zənnimizcə, uğurlu seçimdir. İnanırıq ki, o, bu işin öhdəsindən layiqincə gələcək. Dünənki dialoqun ilkin nəticələri də bu cür nikbin düşünməyimizə əsas verir.

Bu gün bölgədə sülhə və ərazilərimizdə əminamanlığa doğru kövrək də olsa bir addım atılırsa, bunu yalnız təqdir etmək lazımdır. Bu baxımdan biz bu qəbildən olan təmasların, sülh naminə danışıqların başlanmasının əleyhinə yox, lehinə mövqe seçməliyik. Söhbət cəmiyyət olaraq ümumi mövqeyimizdən gedir. Bu gün dövlətimiz Laçın yolunda nəzarətin gücləndirilməsi və Qarabağın bütün məntəqələrində suverenliyimizin möhkəmləndirilməsi üçün uğurlu xətt seçib. Proseslərin gedişatı da onu göstərir ki, Azərbaycan tədricən öz istəklərinə nail olmaqdadır. Biz dövlətimizin bu istiqamətdəki siyasi iradəsini və diplomatik səylərini dəstəkləyirik”.

Anar
Xəbəri paylaş