ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni baş müşaviri Luis L. Bono gələn həftə regiona, o cümlədən Azərbaycana, Ermənistana və Gürcüstana ilk səfərini edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat yayıb.
Səfər, yəqin ki, tanışlıq xarakteri daşıyacaq. Luis L. Bono müxtəlif rəsmi şəxslərlə təmaslarında regiondakı durumu öyrənməyə çalışacaq. Çox güman, o, müzakirələr zamanı sülh prosesinə töhfə vrmək üçün əlindən gələni etməyə hazır olduğunu bildirəcək və tərəfləri dialoqa çağıracaq.
Azərbaycana və Ermənistana səfər çərçivəsində Laçın yolundakı durumun, Ermənistana yerləşən Aİ missiyasının fəaliyyətinin, həmçinin sülh perspektivinin müzakirə olunacağı gözləniləndir.
Yeni baş müşavirə indi ən çox lazım olan tərəflərin etimadını qazanmasıdır. O, bununla bağlı olaraq gələcəkdə tərəflər arasındakı münasibətlərin normallaşması istiqamətində müəyyən səylər göstərə bilər. Bu, bizə də sərf edir.
Nəzərə almaq lazımdır ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün heç də bütün imkanlarını səfərbər etmir. Əgər belə olsa idi, biz ötən dövrdə, o cümlədən ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərdiyi müddətdə ciddi nəticələrin şahidi olardıq. Unutmaq olmaz ki, Vaşinqton proseslərə ancaq öz maraqları kontekstindən yanaşır.
Buna baxmayaraq, ABŞ-ın təşəbbüsləri bizə sərf edir. Ən azından ona görə ki, bu yolla Rusiya neytrallaşdırılır və rəsmi Bakı üçün alternativlər yaranr.
Yeni baş müşavirin rəhbrəliyi ilə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması istiqamətində ciddi irəliləyiş gözlənilmir. Çünki bu, ondan asılı deyil. Luis L. Bono daha çox icraçıdır.
Buna baxmayaraq, onun region ölkələrinə səfərinin uğurlu keçəcəyinə ümid etmək olar.
Kənan Novruzov-siyasi ekspert