Görünən odur ki, Azərbaycan tərəfinin humanist addımlarına rəğmən Ermənistan təxribatlarını davam etdirir, Qarabağa gizli yolla hərbi qüvvələr və texnika toplayaraq yeni bir mühribəyə hazırlaşırlar. Ötən gün baş verən növbəti təxribat və iki hərbiçimizin şəhid olması belə deməyə əsas verir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Newscenter.az-a deyib ki, ekoaktivistlərin dinc aksiyaları fonunda Xankəndi-Laçın yolu ilə hərbi xarakterli yüklər, o cümlədən minalar daşımaq imkanından məhrum olan Ermənistan dövləti məhz Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadə etməklə bu tip daşımaları həyata keçirməyə başlamaqla Azərbaycana qarşı təcavüzü və terror siyasətini davam etdirirdi. Millət vəkilinin sözlərinə görə, 10 noyabr kapitulyasiya aktı ilə Qarabağ iqtisadi rayonu və Ermənistan Respublikası arasında yeganə kommunikasiya xətti kimi Xankəndi-Laçın yolu müəyyən edilməsinə baxmayaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yoldan istifadə edilməklə Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə hərbi ləvazimatlar, silah-sursat və şəxsi heyətin gizlicə daşınması, təbii ki, Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün təhdiddir və bu halların qarşısını almaq Azərbaycan silahlı qüvvələrinin konstitusion təyinatıdır. Konstitusiyamızın 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrini məhz öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə yaradır:
"Digər tərəfdən, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycan dövlətinin özünümüdafiə hüququ təsbit olunub və beynəlxalq humanitar hüququ rəhbər tutmaqla Azərbaycan dövləti istənilən təhdidi hərbi yolla aradan qaldıra bilər. Bu mənada martın 5-də səhər saatlarında hərbçilərimizin Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaların həyata keçirilməsinin qarşısını alması və təxribata cavab olaraq düşməni məhv etməsi beynəlxalq hüququn prinsipləri və təcavüzkarlıqla mübarizə təcrübəsinə tam uyğundur".
Bəhruz Məhərrəmov daha sonra bunları qeyd edib:
"Bu yolda canını qurban verən şəhidlərimiz Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğluna Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Hər kəs əmin olsun ki, Azərbaycan bundan sonra da milli maraqlarımıza təhdid sayıla biləcək bütün məsələlər, o cümlədən təxribat, terror və separatizmlə mübarizəsini əzmlə davam etdirəcək, həmçinin ən qısa zamanda Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsi yaradılacaq".
Anar