Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.

Newscenter.az-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, konsertdə giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda da çox sevildiyini və onun irsinin geniş öyrənildiyini qeyd edib. Samir Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim Özbəkistanla, Türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini, Heydər Əliyevlə Özbəkistan rəhbəri Şərif Rəşidov arasında hələ Sovet dövründə qurulmuş sıx dostluq əlaqələrinin özbək və Azərbaycan xalqlarının əbədi qardaşlığının ifadəsi olduğunu vurğulayıb. Diplomat Azərbaycanla Özbəkistan arasında münasibətlərin yaradılması, qarşılıqlı Səfirliklərin açılması, əməkdaşlığın inkişafında Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O, qardaş Özbəkistan dövlətinin ulu öndər Heydər Əliyev şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, onun adı Daşkənddə azərbaycanlıların kompakt yaşadığı ərazidə küçəyə və yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinə verildiyini, habelə onun şərəfinə Mirabad rayonunda gözəl park-meydan salındığını və büst qoyulduğunu qeyd edib.

Samir Abbasov 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev ili elan olunduğunu və bu münasibətlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin il ərzində ulu öndərə həsr olunmuş bir çox tədbirlər və layihələr həyata keçirdiyini söyləyib.

Tədbirdə çıxış edən Özbəkistan Mədəniyyət və turizm nazirinin müşaviri Şavkat Ortikov xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışaraq, 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Prezident İlham Əliyevlə görüşündə onun fikirlərindən sitat gətirib. Özbəklər daim Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edib. Özbəkistanda insanlar Heydər Əliyevi həmişə xatırlayır, onu hörmətlə yad edirlər. Onların bu gün sağ olan həmkarları fəxrlə deyirlər ki, Heydər Əliyev Özbəkistan haqqında həmişə hörmətlə danışıb, ölkəmizi hər yerdə dəstəkləyib.

Çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi professor Erkin Nuriddinov iki xalq arasında mövcud dostluq, qardaşlıq əlaqələri haqqında danışıb, Dostluq tədbirləri, konsertlərinin hər iki xalqı daha da yaxınlaşdırdığını, ortaq mədəni koloritlərə sahib olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Özbəkistan Respublikasının əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarlardan Üzeyir Hacıbəyovun, Emin Sabitoğlu, Ələkbər Tağıyevin əsərləri səsləndirilib. Solistlər, beynəlxalq müsabiqə laureatları Sardor Primov, Otabek Nəzirov, Ləzizə Usmanova, Muhammedali Kasimovun ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə çox sayda mədəniyyət, incəsənət xadimləri, dövlət nümayəndələri, universitet rəhbərləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.

Mehman
Xəbəri paylaş