“Ötən gün baş verən təxribatın səbəbkarı həm separatçı rejim, həm o rejimin cinayətkar fəaliyyətinə şərait yaradan və ərazilərimizdən silah-sursat daşınmasına göz yuman Rusiya, həm üzərinə düşən öhdəliyi icra etməyərək ərazilərimizdən erməni hərbi birləşmələrinin çıxarılmasını təmin etməyən Ermənistan, həm reginda sülhə maraqlı olmayan İran, eləcə də regiondakı maraqlarını təmin etmək üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan verməyən, öz sərsəm bəyanatları ilə münaqişəni daha da alovlandıran Qərb dairələridir”.
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Ermənistan və Rusiya digərlərindən fərqli olaraq baş verən təxribatlarda birbaşa məsuliyyət daşıyır:
“Belə ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış məlum üçtərəfli bəyanata görə tərəflərin hər birinin müəyyən öhdəlikləri var və bu öhdəliklərin icra edilməsi şərtdir. Azərbaycan olaraq biz üzərimizə düşən bütün öhdəlikləri icra etmişik. Lakin erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması, bölgədəki nəqliyyat əlaqələrinin bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı müddəalar hələ də icra olunmamış qalır. Bunlar isə təkcə Ermənistanın deyil, həm də Rusiya tərəfinin öhdəlikləridir. Çünki, bəyanatın 4-cü maddəsinə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ancaq məlum olduğu kimi Rusiyanın sülhməramlı kontingenti nəzərdə tutulan dislokasiya yerinə tam olaraq yerləşsə də hələ də Xankəndi, Xocalı, Xocavənd və ətraf ərazilərimizdən erməni hərbi birləşmələrinin çıxarılması təmin edilməyib. Eyni şəkildə bəyanatın 7-ci bəndinin tələbləri, yəni əhalinin öz yurdlarına qaytarılması ilə bağlı müddəa da birtərəfli şəkildə icra olunub. Yəni həmin ərazilərə Rusiya Müdafiə Nazriliyinin rəsmi məlumatına əsasən 52 min erməninin qayıtması təmin olunduğu halda, bir nəfər də olsun azərbaycanlının qaytarılması ilə bağlı sülhməramlılar tərəfindən hər hansı addım atılmayıb. Ermənistan və Rusiya tərəfinin icra olunmamış öhdəlikləri içərisində təbii ki, 9-cu bənddə olanlar da var, yəni yuxarıda da dedyim kimi nəqliyyat yollarının blokadadan çıxarılması. Daha konkret desək, həmin maddənin tələblərinə görə Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli idi. Rusiya isə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları vasitəsilə həmin yol üzrə nəzarəti həyata keçirməli idi. Göründüyü kimi sadaladığım öhdəliklər hələ də icra olunmamış qalır. Əvəzində Rusiyanın nəzarəti altında olan Laçın yolundan separatçı rejimə silah-sursat daşınmasına, üçüncü ölkə vətəndaşlarının Azərbaycanın icazəsi olmadan həmin ərazilərə sərbəst giriş çıxışına şərait yaradılır. Dünənki hadisə onu göstərir ki, silah-sursatın daşınması təkcə Laçın yolu ilə deyil eyni şəkildə alternativ marşrutlarla da həyata keçirilir. Bu isə yenə də Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdir. Bütün sadalananlar onu göstərir ki, Rusiya separatçı rejimin cinayətkar fəaliyyətinə göz yummaqda davam edir və hətta hər vasitə ilə onlara dəstəyini də əsirgəmir”.
Yusif Bağırzadə hesab edir ki, amma bütün bunlar yuxarıda da dediyim kimi danışıqlarda vasitəçi qismində çıxış edən tərəfləri, yəni ABŞ-ı və Avropa İttifaqı timsalında Qərbi də məsuliyyətdən azad etmir:
“Çünki biz otuz il ərzində olduğu kimi bu dairələrdən hələ də Ermənistana yönəlik təzyiqləri görmürük. Ukraynanın separatçı rejimlərə qarşı fəaliyyətinə hər cür dəstək verən və separatçıları müdafiə edən Rusiyaya qarşı mübarizədə Kiyevin yanında olan ABŞ və Avropa eyni mövqeyi bizə qarşı sərgiləmir. Əksinə Azərbaycanın separatçılara qarşı mübarizəsinə mane olur və faktiki olaraq həmin separatizmi dəstəkləyən Ermənistanın maraqlarını müdafiə edir. Bütün bunlar isə təbii olaraq həm Ermənistanı, həm də separatçı rejimi ruhlandırır. Odur ki, baş verənlərə görə məsuliyyəti sadaladığım bütün tərəflər daşıyır”.
Anar