Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndi-Xəlfəli-Turşsu yolu səhvi

Xankəndi-Xəlfəli-Turşsu yolu səhvi


05 mart 2023-cü il tarixində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən erməni tərəfi təxribata əl atıb. Təxribat nəticəsində hər iki tərəfdən yaralananlar və həyatını itirənlər olub.

Xankəndi-Xəlfəli-Turşsu yolu səhvi

Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident onu göstərdi ki, separatçılar Laçın dəhlizinə alternativ olaraq bu yoldan uzun müddətdir istifadə edirlər. Yəni baş verən insident ilk olsa da, separatçıların bu yol ilə Qarabağa qanunsuz silah daşıması ilk belə hal deyil.

Məsələ ondadır ki, hazırda biz daha çox Laçın dəhlizi və dəhlizə nəzarətə fokuslanmışıq. Prinsip etibarilə bu doğrudur, lakin səhvimiz separatçıları və havadarlarını zəif hesab edib arxayınlaşmaqdır. Separatçılar Xankəndi-Xəlfəli-Turşsu yolundan qanunsuz silah daşınması üçün istifadə edirsə, deməli, bu kimi başqa yollar da var.
Bu torpaq yolların aşkarlanması, qanunsuz silah daşınmasının qarşısının alınması üçün daha ciddi tədbirlər görülməlidir. Bunun üçün isə Azərbaycan Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqələri qurmalıdır.
Mümkündür ki, rəsmi Bakı Nəzarət Buraxılış məntəqələri qurmaq istiqamətində təzyiqlərini artıracaq.

Yeni tələblər

Xankəndi-Xəlfəli-Turşsu insidenti Qarabağda qanunsuz erməni silahlılarının olması faktını bir daha təsdiqlədi. Belə bir faktın aşkarlanması isə növbəti dəfə Rusiya sülhməramlılarının bu daşınmalara göz yumduğunu deməyə əsas verir.
Mümkündür ki, bu insidentdən sonra rəsmi Bakı tələblərini artıracaq:

Birincisi, Azərbaycan öz Silahlı Qüvvələrinin bundan sonra Qarabağda istənilən ərazidə yoxlama aparmasını təmin etməlidir. Bunun üçün isə Bakı nəzarət buraxılış məntəqələri qurmaq istiqamətində təzyiqlərini artırmalıdır.
İkincisi, Ermənistan Respublikasından Qarabağa hərbi ləvazimatların, silah-sursatın daşınması Azərbaycan ərazilərində hələ də qanunsuz silahlı birləşmələrin olduğunu göstərir. Prinsip etibarilə Bakı bunu bilsə də, məhz indi onların tərk-silah edilib çıxarılmasını daha ciddi arqumentlərlə tələb edə bilər. Söhbət təkcə hərbçilərdən, həm də Qarabağda separatçı tör-töküntüləri təmsil edən, “polis” və s. şəxslərdən gedir.

Bakının mövqeyi

İnsidentdən sonra həm Azərbaycan Müdafiə Nazirliyi “Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir”, həm də Azərbaycan Xarici İşlər Nazirliyi “Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir” bəyanatları ilə çıxış etdi.

Diqqətçəkən məqam isə hər iki nazirliyin oxşar bəyanatla çıxış etməsi və sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsi məsələsini qabartması oldu.

Nazirliklərin verdiyi oxşar bəyanatlar rəsmi Bakının həm hərbi, həm də diplomatik müstəvidə real mövqeyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Bakının tələbləri gerçəkləşməyəcəyi təqdirdə hərbi varianta əl atıla bilər.
Azərbaycan Silahlı Qüvvələrinə bu istiqamətdə müvafiq göstərişlərin verilməsi istisna deyil. Hətta son insidentdən sonra Bakının tələbləri yerinə yetirilməsə, antiterror əməliyyatları başlaya bilər.

Turan Rzayev-politoloq
Xəbəri paylaş