Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Altıncı çağırış Milli Məclis öz fəaliyyətini cənab Prezidentin tövsiyələri əsasında quraraq uğurla davam etdirir

Altıncı çağırış Milli Məclis öz fəaliyyətini cənab Prezidentin tövsiyələri əsasında quraraq uğurla davam etdirir


Bu gün ölkəmizdə aparılan islahatların davamı olaraq növbədənkənar seçkilər nəticəsində Altıncı çağırış Milli Məclisin formalaşdırılmasının 3 ili tamam olur. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

Xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verərək yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etdi. Bu, seçkilərin tanınması demək idi.

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixində keçirilən ilk iclasında çıxış edən Prezident İlham Əliyev yeni seçilmiş Milli Məclisin qarşısında dayanan vəzifələrdən danışdı. Həmin tarixdən ötən müddət ərzində Milli Məclis öz fəaliyyətini cənab Prezidentin tövsiyələri əsasında quraraq uğurla fəaliyyət göstərdi.
Qeyd etmək lazımdır ki, bütün siyasi qüvvələrin iştirakı ilə formalaşmış Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Hazırda müxalifət partiyalarının nümayəndələri Altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Bu fakt isə Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.

Ötən dövrdə müxalifət partiyalarının qeydiyyata alınması, iqtidar və müxalifət partiyaları arasında siyasi dialoq modeli ölkəmizdə siyasi iqlimin daha da stabilləşməsi ilə nəticələndi. Hakimiyyət tərəfindən atılan addımlar nəticəsində siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi cəmiyyət tərəfindən də müsbət qarşılandı.

Ötən 3 il ərzində pandemiya şəraitinə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görüldü. Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı keçirdikləri görüşlərdə Azərbaycanın Vətən müharibəsində qazandığı inamlı qələbə ilə öz ərazilərini Ermənistan silahlı birləşmələrinin işğalından azad etməsi, ərazi bütövlüyünü, ədaləti bərpa etməsi, işğalın nəticələrinin aradan qaldırılması üçün artıq irimiqyaslı proqramların icrasına başlamasını xarici ölkələrdəki həmkarlarının diqqətinə çatdırdılar. Deputatlar seçildikləri dairələrdə də fəallıq nümayiş etdirərək pandemiya qaydalarına uyğun şəkildə daim seçicilərlə təmasda oldular, şəhid ailələrini və qaziləri düşündürən məsələlərin həllinə dəstək verdilər.

Ötən dövrdə parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artdı, hazırlanan qanunlar və qanunvericiliyə olunan dəyişikliklər reallıqlara adekvatlığı ilə seçildi. Bundan başqa, Altıncı çağırış Milli Məclis ötən fəaliyyəti dövründə ictimai-siyasi proseslərə də operativ münasibət bildirdi.

Bütün bunlara əsasən, bu gün əminliklə demək olar ki, Altıncı çağırış Milli Məclis fəaliyyətə başladığı vaxtdan Konstitusiya ilə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş