Energetika naziri Pərviz Şahbazov X Qlobal Bakı Forumunda “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən paneldə iştirak edib.
Newscenter.az xəbər verir ki, nazır çıxışında Azərbaycanın Avrasiyada müasir geosiyasi tələblərə uyğun yeni dəhlizlərin yaradılmasındakı rolundan və bu xüsusda dövlət başçısı cənab İlham Əliyevin qitələrarası inteqrasiyanı daha da genişləndərəcək yeni təşəbbüsləri və Forumun açılışında bir daha bəyan edilən strateji baxışlarından bəhs edib.
Bildirilib ki, təhlükəsiz enerji təchizatına ehtiyac və etibarlı tərəfdaş kimi ölkəmizə artan maraq Azərbaycanın enerji infastrukturları və enerji dəhlizlərini şaxələndirməsini təşviq edir. Nazir Pərviz Şahbazov deyib ki, Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi ilə yanaşı Xəzər dənizini Avropa ilə birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması gündəmdədir. Bütün bunlar, eləcə də enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər ölkəmizin şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirəcək.
Nazir panel müzakirələr zamanı Qarabağ da daxil olmaqla ölkəmizdə bərpa olunan enerjinin istehsalı və ötürülməsi, Azərbaycandan elektrik enerjisinin Gürcüstan, Rumıniya, Macarıstan və digər ölkələrə nəqli, Xəzər regionunda əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı da fikirlərini bölüşüb.
Sevinc