Bir sıra hallarda mehmanxana və ya restoranlarda qonaq olan vətəndaş orada hansıssa əşyasının itdiyindən, oğurlandığından şikayətlənir. Hadisə həmin obyektlərdəki kameraların yaddaşına düşdükdə itmiş əşyanın qısa müddətdə tapılması mümkün olur. Əks təqdirdə isə vəziyyət tamamilə fərqli situasiya alır. Bəzən mehmanxana və ya restoran sahibi müştəriyə dəymiş ziyanı qarşılasa da, müəyyən hallarda obyekt sahibi bundan imtina edir. Bu da nəticə etibarilə tərəflər arasında ciddi narazılıqlara yol açır. Bəs, görəsən mehmanxana və restoranlarda itən əşyalara görə kim məsuliyyət daşıyır? Yaxud həmin obyektlərdə əşyaların saxlanması hansı formada həyata keçirilməlidir?
Newscenter.az-ın xəbərinə görə, vəkil Vəfa Qədirova deyir ki, Mülki Məcəllənin 831-ci maddəsinə əsasən mehmanxana və ya restoran sahibi qonaqların mehmanxana və ya restoran sahibinin otaqlarında, həmin obyektlərin sahibinin və ya onun işçi heyətinin müəssisədən kənarda müəyyənləşdirdiyi başqa yerdə saxladıqları, yaxud saxlamaya başqa şəkildə qəbul etdiyi əşyaların hər hansı zədələnməsi, korlanması və ya oğurlanması üçün məsuliyyət daşıyır:
"Əvəz ödəmək vəzifəsi avtomobillərə, avtomobillərdəki əşyalara və diri heyvanlara şamil edilmir. Əgər mehmanxana və ya restoran sahibi zərəri qonağın, onu müşayiət edən şəxsin və ya qonağın qəbul etdiyi şəxsin vurduğunu və ya əşyanın xarakterindən və ya qarşısıalınmaz qüvvənin təsirindən irəli gəldiyini sübuta yetirərsə, onun məsuliyyəti istisna edilir".
Vəfa Qədirova deyib ki, mehmanxana və ya restoran sahibi nəzərdə tutulan məsuliyyəti min yüz manatdan çox olmayan miqdarda daşıyır:
"Lakin əgər əşya mehmanxana və ya restoran sahibinin və ya onun işçi heyətinin təqsiri üzündən itmişsə, korlanmışsa və ya zədələnmişsə, habelə əgər söhbət onun saxlamaya qəbul etdiyi və ya bu Məcəllənin 832-ci maddəsinə zidd olaraq saxlamaya qəbul etmədiyi əşyalardan gedirsə, onun məsuliyyəti məhdudlaşdırılmır. Əgər qonaq əşyanın zədələnməsi, korlanması və ya itməsi ona məlum olan kimi bu barədə mehmanxana və ya restoran sahibinə bildiriş verməzsə, ona mənsub olan zərərin əvəzinin ödənilməsi hüququ ləğv edilir".
Anar