Azərbaycan müdafiə naziri, general – pokovnik Zakir Həsənov dünən xidməti müşavirə keçirib. Nazir bildirib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir.
Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq.
Məlum olduğu kimi, ermənilər son vaxtlar Xankəndiyə qanunsuz silah saşımağa cəhd edirlər. Bu isə bölgədə süni gərginlik yaratmaqla yanaşı, həm də toqquşma ehtimalını artırır.
Xankəndiyə silah daşınma faktı özü əslində həm Ermənistan hakimiyyətinin, həm də qondarma rejimin destruktiv mövqeyindən xəbər verir. Görünür, qarşı tərəf hansısa yeni təxribata, yenidən “suları bulandırmağa” hazırlaşır.
Qanunsuz silah daşınmalarına cəhd gələcəkdə də davam edə bilər. Amma Azərbaycan ordusu mütləq adekvat tədbirlər görəcək.
Nəzərə almaq lazımdır ki, qanunsuz silah daşınmasına cəhd Azərbaycanın suveren ərazisində həyata keçirilir. Deməli, həmin terrorçular bizim üçün legitim hədəfdir.
Düşmən təxribatları, o cümlədən silah daşınmasına cəhd birbaşa olaraq Azərbaycanın təhlükəsizliyinə təhdiddir. Bu isə o deməkdir ki, Azərbaycan ordusu təhlükəsizliyimizə təhdid yaradan terroçuları zərərsizləşdirməlidir.
Bu gün rəsmi Bakının prioriteti sülh gündəliyidir. Davam edən təxribatlar isə regional əməkdaşlıq mühitinin formalaşmasına mane olur. Düşmən məğlub tərəf olmasına baxmayaraq, müxtəlif provokasiyalarla vaxt qazanmağa, sülh gündəliyindən uzaqlaşmağa çalışır. Deməli, biz öz maraqlarımız naminə mavfiq addımları atmalıyıq.
Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatın tələblərinə zidd olaraq erməni terrorçular hələ də Qarabağdan çıxarılmayıb. Nə Moskva, nə də İrəvan öhdəliklərini yerinə yetirir.
Sabotajlardan da göründüyü kimi, terrorçuların Qarabağdakı qanunsuz mövcudluğu Azərbaycanın təhlükəsizliyi üçün təhdiddir. Deməli, Azərbaycan Silahlı Qüvvələrinin ən yaxın günlərdə növbəti anti-terror əməliyyatına başlaması tamamilə realdır.
Kənan Novruzov-siyasi ekspert