Bu gün İrana məxsus hərbi təyyarənin 40 dəqiqədən artıq fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan-Biləsuvar aralığında irəli-geri uçuş həyata keçirməsi molla rejiminin təxribatçı xislətinin və beynəlxalq hüquqa məhəl qoymamasının göstəricisidir.
Aydındır ki, İran Azərbaycanın sürətlə artan hərbi-siyasi imkanlarından, genişlənən hərbi-siyasi müttəfiqliklərindən narahatdır, qorxur və qorxusunu gizlətmək üçün bu kimi təxribata əl atır. Amma nəticə etibarı ilə İran güc göstərmək istərkən özü də anlamadan gücsüzlüyünü və acizliyini nümayiş etdirmiş oldu.
Əslində Tehran praqmatik davranaraq bu strateji səhvi etməməli idi, çünki ən azı son 3 il ərzində cənab İlham Əliyev dəfələrlə Azərbaycanla təhdid dilində danışa bilməyəcəyini İrana göstərmişdi. Belə ki, bu, İran tərəfin beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla qonşuluq münasibətinə sığmayan ilk insidenti deyil. İran 30 il işğal və təcavüzü açıq formada dəstəkləyib, Qarabağ və Şərqi Zəngəzurda ekosid və urbisid cinayətlərinin törədilməsində Tehran birbaşa iştirak edib. Habelə ötən il İran tərəfi Araz çayı boyunca sərhədlərimiz yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Lakin Vətən müharibəsində Zəfəri ilə Azərbaycan 2020-ci ildə həm də şər blokunun əsas iştirakçılarından olan İranı məğlub etmiş oldu. Həmçinin 2022-ci ilin noyabrında Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin, dekabrda isə Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri ilə Tehrana yerini göstərdik.
Bilirsiniz ki, məğlub molla rejimi də İran dövlətinin ənənəvi mahiyyətinə sadiq qalaraq səfirliyimizə hücum etməklə və bir neçə gün öncə isə vətəndaşımızın yoxa çıxması formasında terrora əl atmışdı. Tehranın bu gün yenidən aktivləşməsinə gəlincə,
1. İran Fransanın da təlimatı ilə Azərbaycanla Ermənistan arasında son gərginlik fonunda cənubdan təzyiq mühiti formalaşdırmaqla Qafqazda sülh prosesinə əngəl olmağa çalışır;
2. İran Türkiyədə zəlzələnin yaratdığı humanitar fəlakətdən və siyasi proseslərin nisbi gərginliyindən "leş qarğası" kimi faydalanmaq istəyir;
3. İran öz daxilindəki sosial-siyasi gərginlik, qeyri-stabil vəziyyət fonunda narazı kütlənin diqqətini yayındırmağa cəhd edir.
Amma Tehran başa düşməlidir ki, son nəticədə proseslərdən zərərli çıxan onlar olur, çünki regionumuzda əməliyyat şəraiti Azərbaycanın özünün, bütövlükdə Yaxın və Orta Şərqdə isə müttəfiqlərimizin nəzarətindədir. Məsələn, kobud formada izah etsək, bu gün havalanan təyyarənin pilotu haqqında biz və müttəfiqlərimiz İranın özündən daha çox məlumata sahibik. Yəni İran bu tip addımları atanda nəzərə almalıdır ki, dövləti və cəmiyyəti daxildən çürüyüb. Özünün inkişaf dövrünü yaşayan Azərbaycan üçün çürük bir sistem təhdid yarada bilməz. Bu mənada, hər kəs əmin ola bilər ki, bu, Tehranın son çırpınışlarıdır və "təyyarə şousu" da digər hüquqa zidd addımları kimi öz növbəsində İrana baha başa gələcək.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı