Kütləvi informasiya vasitələrində ölkənin hüquq-mühafizə orqanlarının İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı növbəti əməliyyat keçirdiyi və İrana casusluqda şübhəli bilinən daha bir qrup şəxsin saxlanıldığı barədə xəbərlər yayılıb.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, milli mənafelərimizi İrana satanlarla mübarizə haqq işidir:
"Mediada yayılan məlumata görə hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində Azərbaycanda daha bir İran casus şəbəkəsi ifşa olunub. Cəmiyyətimizə və hətta bəzi strukturlara din pərdəsi altında sızan bu xainlərlə və onların təsirinə düşən beyni yuyulmuş zombilərlə mübarizədə qətiyyətli olmaq önəmlidir. Son bir neçə ayda həyata keçirilən tədbirlər də Azərbaycan dövlətinin bu prosesdə nə qədər inamlı və barışmaz olduğunu göstərir".
Millət vəkili qeyd edib ki, molla rejiminin əlində Birinci və İkinci Qarabağ müharibələrində həyatını itirmiş hər bir şəhidimizin qanı var:
"Ermənistan 30 il ərzində işğalı məhz İranın dəstəyi ilə davam etdirib, Qarabağ iqtisadi rayonumuzdakı separatçı rejim isə məhz İranın hesabına ayaqda qalıb. İşğal dönəmində Qarabağ və Şərqi Zəngəzuru erməni vandalları ilə bərabər məhz İran talayıb. Bu gün cəmiyyətin əsas bəlalarından birinə çevrilən narkotik vasitələrin Azərbaycana gətirilməsi və yayılmasının arxasında birbaşa İran dövləti dayanır. Bu siyahını çox uzatmaq olar".
Bəhruz Məhərrəmovun qənaətincə, ona görə də bu torpağı, bu vətəni sevən hər bir şəxs anlamalıdır ki, cinsindən və kimliyindən asılı olmayaraq milli mənafelərimizi İrana satan bu alçaq zombilərlə mübarizə haqq işidir:
"Hər bir vətəndaşımız övladlarının sağlam gələcəyi naminə dövlətçiliyimiz, müstəqilliyimiz, suverenliyimiz və milli kimliyimizi hədəfə alan bu xəyanətkarların kökü kəsilənə qədər haqq davamızda ayıq-sayıq olmağa, hüquq-mühafizə orqanlarına dəstək verməyə borcludur".
Mehman