YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev şəhid zabit İmran Əliyevin anası Səfayə Əliyeva ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da iştirak edib. Görüş zamanı Fikrət Əliyev ölkə rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısından söz açıb.
Bildirib ki, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir iş adamı və vətənpərvər biri üçün mənəvi borcdur.
Şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanan Fikrət Əliyev şəhidimizin ailə üzvlərini qarşıdan gələn Novruz bayramı, mübarək Ramazan ayının başlaması münasibətilə təbrik edib.
Görüşün sonunda Fikrət Əliyev, “Unity Company” və Qənirə Paşayeva adından şəhid ailəsinə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun şəhid zabiti İmran Əli oğlu Əliyev (07.04.1993, Göyçay – 27.09.2020, Tərtər) – 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtərin Suqovuşan qəsəbəsinin qurtuluşu uğrunda gedən döyüşlərdə şəhid olub. Onun nəşini döyüş meydançasından 03.10.2020-ci il tarixində götürmək mümkün olub; şəhidimiz 04.10.2020-ci ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Əliyev “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid zabitimiz həmçinin “Suqovuşanın azad olunmasına görə” (29.12.2020), “Laçının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.
Allah şəhidimizə rəhmət eləsin.
Anar