Son dövrlərdə dünyada baş verən proseslər göstərir ki, beynəlxalq hüquqla tənzimlənməli məsələlər gücün (güclünün) “hüququ” ilə “nizam salınır”. Bugünkü dünyada qlobal, regional və lokal xarakterli problemlər daha çox ayrı-ayrı dünya liderlərinin iradəsinə uyğun qaydada həll edilir.
Öz ölkəsində məsələləri hüquqa, ədalətə əsaslanaraq həll etməyən belə liderlər başqa ölkələrdə ədaləti, beynəlxalq hüququn prinsiplərini “təmin etməyə” səy göstərirlər. İndiki halda Fransa prezidenti Emmanuel Makronun Qarabağla bağlı məsələdə birmənalı Ermənistanın mövqeyindən çıxış etməsi və Ermənistana davamlı açıq dəstəyi ifadə etməsi əslində beynəlxalq hüquqa, onun prinsiplərinə məhəl qoymamaqdır.
Halbuki, bu dövlətin özündə əsrlər boyu həll edilməmiş “Korsika” kimi problemi vardır, hansı ki, buradakı əhali Qarabağdakı ermənilərlə müqayisədə bir neçə dəfə çoxdur. Öz müqqəddəratını təyin etmə və beynəlxalq hüququn digər prinsiplərinə əsasən həll edilməli olan bu məsələdə beynəlxalq hüquq tətbiq edilmir, əvəzində digər ölkələrdə gücün “hüququ” ilə məsələlərin nizama salınmasına cəhdlər edilir.
Bu azmış kimi isə, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir.
Bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib və bildirib ki, Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır.
Belə olan halda isə, artıq “gücün hüququ” beynəlxalq hüquq kimi tətbiq edilir. Bu isə, dünyada hüququn və ədalətin böhranlı vəziyyətdə olmasının göstəricisidir.
Hafiz Həsənov-Huqüq və İnkişaf İctimai Birliyinin rəhbəri