“Təəssüflər olsun ki, İran bütün norma və prinsipləri tapdalayaraq Azərbaycana qarşı açıq-aşkar düşmən münasibətdə olduğunu sərgiləyir. Martın 11-də Azərbaycan-İran sədrhədi boyunca bu ölkəyə məxsus hərbi təyyarənin Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirməsi bunun əyani sübutudur”.
Bu fikirləri Newscenter.az-a "Xəbər Mərkəzi" Analitik Qrupdan daxil olub. Bildirilib ki, Azərbaycan tərəfi Tehrandakı səfirliyimizə edilən terror hücumu barədə İran tərəfindən əsaslı izahat gözlədiyi halda, qonşu daha da aqressivlik nümayiş etdirir, ölkəmizə qarşı sırf düşmənçilik münasibəti sərgiləyir:
“Təsəvvür edin, İran əndazəni o qədər aşıb ki, hətta dövlət sərhədimizi pozmağa yönəlik cəhdə görə üzrxahlıq belə etmək istəmir”.
Analitik Qrup hesab edir ki, molla rejimi dövlət sərhədində əzələ nümayiş etdirməklə Azərbaycanı öz yolundan, mövqeyindən döndərə biləcəyini düşünür:
“Ancaq İran unudur ki, Azərbaycanı heç bir qüvvə öz yolundan, müstəqil siyasət kursundan döndərə bilməz. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı və dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bunu bütün dünyaya nümayiş etdirdi və nəticə etibarilə torpaqlarını işğaldan azad etdi. Həmin tarixi günlər ərəfəsində Azərbaycanı heç bir xarici güc, qüvvə öz yolundan döndərə bilmədiyi kimi, indi də Azərbaycanın atdığı addımlar, həyata keçirdiyi müstəqil siyasət kursuna heç kim qarışa, ona nəyisə diktə edə bilməz”.
Qrup hesab edir ki, İranın hava sərhədimizi pozmağa yönəlik cəhdinin arxasında ay sonunda İsraildə Azərbaycan səfirliyinin açılması amili dayanır:
“Molla rejimi öz aləmində Azərbaycana əzələ nümayiş etdirməklə İsraildə səfirliyimizin açılmasına mane olmaq istəyir. Ancaq Tehranın bütün bu cəhdləri mənasızdır. Qeyd etdiyim kimi Azərbaycan qarşısına qoyduğu məqsədləri reallaşdırmaqda qətiyyətlidir”.
Analitik Qrupun qənaətincəİran Azərbaycanla bütün körpüləri yandırmaq əvəzinə, dövlətimizlə yaxından əməkdaşlıq edib əlaqələri genişləndirsə, ona daha faydalı ola bilər:
“Çünki Azərbaycanın həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələr İranın da maraqlarına xidmət etmiş olacaq. Ancaq təəsüflər olsun ki, İranda bunu dərk etmək istəmirlər. Tehran Bakı ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə yox, bütün körpüləri yandırmağa üstünlük verir. Cənub qonşumuz unutmamalıdır ki, yandırdığı körpülərin “alovu” onu qısa zamanda əridə bilər”.
Qeyd edək ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
Mehman