Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq nüfuzun artması milli maraqlarımıza xidmət edir

Beynəlxalq nüfuzun artması milli maraqlarımıza xidmət edir


Dövlətimizin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin - Azərbaycanımızın beynəlxalq aləmdə gündən -günə yüksələn nüfuzunun nəticəsidir. Bu artan nüfuz ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrində və eyni zamanda onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb . Demək olar ki , ölkəmiz bu gün artıq dünya dövlətləri arasında etibarlı tərəfdaş , sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edilir . Bəli artıq ölkəmiz bir sıra beynəlxalq qurumlarda sadəcə üzv dövlət kimi yox , eyni zamanda bir çox qərarın qəbulunda və icrasında yaxından iştirak edir.

Artıq uzun illərdən bəri Bakıda belə beynəlxalq tədbirlərin eləcə də Bakı Forumunun keçirilməsi ənənəyə çevrilib. Bütün bunların nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Qoşulmama Hərəkatının sonuncu Zirvə görüşündən sonra martın 9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu bu baxımdan böyük əhəmiyyət kəsb edir.
XII əsrdə yaşayıb yaratmış Nizami Gəncəvinin yaradıcılığında yer üzünün əşrəfi olan insanın özündə ən mühüm əxlaqi dəyərləri inkişaf etdirmək, ədalətlə idarə etmək, insanlara hər zaman hörmətlə yaşamaq kimi yüksək keyfiyyətləri təbliğ edirdi. Məhz buna görə də Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəzin qlobal gündəlikdə dayanan bir çox məsələlərinin müzakirəsi üçün mühüm siyasi və elmi platformaya çevrilməsi səbəbsiz deyil, daha məntiqlidir. Bir sözlə, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.

Qlobal Bakı Forumu artıq aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keşirildi. Tədbirdə 60 ölkədən 350 nəfər iştirak edib. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir olub. Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır. Dövlət başçısı İlham Əliyev panellərdən birinin məhz multilateralizmə həsr olunmasına xüsusi diqqət ayıraraq bir sıra mühüm tezislər irəli sürdü. Prezident çıxışında vurğuladı ki, ölkəmiz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində bir az passiv fəaliyyət göstərən Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməklə ona çeviklik, innovativlik və dinamika verməyə çalışdı, bu istiqamətdə mühüm addımlar atdı.
Ölkəmizin regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması, əlbəttə, digər dövlətlərin Azərbaycana daha çox yaxınlaşmasının zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük Zəfərlə çıxması, pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, möhkəmlik göstərməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru siyasətin və balanslı münasibətlərin nəticəsidir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Dövlət başçısı İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu Forumda da bildirdi: “Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir”.

Prezident İlham Əliyev Bakı Forumundakı çıxışında bildirdi ki, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.
Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu təsisat çərçivəsində irəli sürdüyü təşəbbüslər də mühüm rol oynayır. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi qlobal problemlərə qarşı mübarizəyə öz töhfəsini verib. Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir.

Məmmədova Lalə
YAP Yevlax rayon təşkilatının fəalı , Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin müəllimi
Xəbəri paylaş