Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan və Şimali Qafqazdakı nümayəndəliyinin rəhbəri Şahubiddin Kərimov və Dərbənd Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Səidov ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri Azərbaycanın dövlət-din münasibətləri, dinlərarası harmoniya, eyni zamanda məscidlərdə vəhdət namazlarının ənənəvi hal alması barədə danışıb.
Görüş zamanı dini təhsilin vacibliyinə diqqət çəkən Mübariz Qurbanlı ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilən yeni ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinə toxunub. Bildirib ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına, habelə bölgənin əsas dini təhsil mərkəzinə çevrilməsinə nail olmaqdır. İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda Dövlət Komitəsində ölkədə dini təhsillə bağlı vəziyyətin öyrənilməsi, eləcə də dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulması üçün “Dini təhsil” şöbəsi yaradılıb.
Bu istiqamətdə həyata keçirilən birgə layihələr, təcrübə mübadilələrinin xüsusi önəm daşıdığını vurğulayan DQİDK sədri Dərbənd Abdulla Əfəndi adına İslam Universiteti və Azərbaycan İlahiyyat İnstitutu arasında imzalanan memorandumun bu baxımdan vacib əhəmiyyət kəsb etdiyini qeyd edib.
Həmçinin söhbət zamanı Dağıstanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında rolu vurğulanaraq dini sahədə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və layihələrdə birgə fəaliyyətin perspektivləri nəzərdən keçirilib.
Mehman