“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev martın 15- də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının zirvə görüşündə iştirak etmək üçün qardaş Türkiyə Cumhuriyyətinə səfər edib. Zirvə görüşü martın 16- ı keçirilsə də, ölkə rəhbəri bir gün öncədən Türkiyəyə getdi və Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. Diqqət çəkən məqam görüşün qapalı formatda keçirilməsi və mətbuata heç bir açıqlamanın verilməməsi oldu ki, böyük ehtimal hər iki lider regionda baş verən geopolitik dəyişikliklər, Qaradağda yaşanan erməni- rus təxribatları və atıla biləcək mümükün addımlar, eləcə də Azərbaycan- Ermənistan danışıqlarındakı real vəziyyət, Paşinyan administrasiyasının qeyri-konstruktiv mövqeyi və onlara qarşı atılacaq addımları müzakirə edib”.
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. AVP rəsmisi daha sonra fikirlərinə belə davam edib:
“Digər bir məqam İran ətrafında artan gərginlik, fars dövlətinin nüvə silahı əldə etmək istəyidir ki, və bu istək reallaşacaqsa, hər iki dövlətin atacağı addımlar, güc balansının tarazlaşdırılması kimi mövzular çox ehtimal ki, görüşdə müzakirə olunub. İndiki halda Türkiyə hakimiyyəti əsas diqqətini baş vermiş təbii fəlakətin nəticələrini arada qaldırmaq və mayda keçiriləcək seçkilər ətrafına yönəldib ki, bu hal özlüyündə regionda marağı olan güclərin fəallaşmasına rəvac verir”.
Pərviz Mirizadə onu da deyib ki, TDT liderlərinin zirvə görüşündə qlobal miqyasda cərəyan edən proseslər və təşkilat dövlətlərinin yeni reallıqlar fonunda atacağı addımların dəqiqləşdirilməsi ətrafında fikir mübadiləsi aparılacaq: “Rusiya- Ukrayna müharibəsinin türk coğrafiyasına təsirləri, hərbi aspektlər, strateji tərəfdaşlıq əlaqələrindəki hazırlıq səviyyəsi, gözlənilən təhdidlərə qarşı hansı formada cavab verməyin vacibliyi nəzərdən keçiriləcək”.
Anar