“Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən növbəti Zirvə Görüşü bu qurumun həyatında yeni bir mərhələnin başlanğıcı olacaq. Həmçinin Zirvə Görüşü qarşıdakı hədəflərin, prioritetlərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətldir”.
Bu fikirləri Newscenter.az-a Milli Məcliisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili Zirvə Görüşünün Ankarada keçirilməsi də öz növbəsində Türk dünyasının birlik və bərabərliyi, bu ölkələrin istər xoş, istərsə də ağrılı-acılı günlərdə bir-birinin yanında olduğunun təkcə bu coğrafiya deyil, eyni zamanda bütün dünyaya sübutudur:
“Məlum olduğu kimi Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün Şuşa şəhərində keçirilməsi nəzərədu tutulmuşdu. Lakin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təklifi ilə görüşün Ankara şəhərində keçirilməsi qərar alındı. Cənab Prezidentin bu təklifi qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Türkiyəyə dəstək mahiyyəti daşıyırdı. Təsadüfi deyil ki, hər bir təşəbbüs və ideyası kimi Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün Ankara keçirilməsi təşəbbüsü də təşkilata üzv olan ölkələr tərəfindən müsbət qarşılanıb və nəticə etibarilə Zirvə Görüşü Türkiyə paytaxtında keçirilir”.
İqbal Məmmədov qeyd edib ki, bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Son illərdə Türk dövlətləri arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran millət vəkili deyib ki, hazırda da Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır:
“Təşkilata üzv ölkələr arasında təkcə siyasi deyil, eləcə də iqtisadi. ticari, humanitar sahədə əlaqələr inkişaf edir. Təkcə Azərbaycanın istər Türkiyə, istər Özbəkistan, istər, Qazaxıstan, istərsə də Qırğızıstanla ticarət dövriyyəsinə diqqət etdikdə bunu aydın görmək olar. Eyni zamanda TDT-də müşahidəçi rolunu oynayan Macarıstanla da Azərbaycanın çox gözəl, yüksək səviyyəli siyasi və iqtisadi əlaqələri mövcuddur”.
İqbal Məmmədov onu da deyib ki, işğaldan azad edilən ərazilərimizdə quruculuq-abadlıq işlərinin həyata keçirilmıəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələr də fəal iştirak edirlər: “Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri arasında bir-birinə bağlılıq daha da artacaq”.
Anar