“Dünən Ağdam rayonunda daha iki vətəndaşımızın mina partlaması nəticəsində həyatınlı itirməsi ermənilərin mina terrorunun təzahürüdür”.
Bu fikirləri Newscenter.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyasının rəhbəri Hafiz Səfixanov səsləndirib . O bildirib ki, sonuncu hadisə ilə 10 noyabr üçtərəfli bəyanatından sonra mina terroru nəticəsində həlak olan vətəndaşlarımızın sayı 49-a çatdı: “Çox təəssüfedici bir haldır və həqiqətən də bu Azərbaycana qarşı həyata keçirilən mina terrorudur”.
Hafiz Səfixanov qeyd edib ki, Azərbaycanın işğaldan azad edilən hər bir qarışında minalara, partlamamış hərbi sursatlara, mina tələlərinə rast gəlmək mümkündür:
“Görünür qarşı tərəf işğal illərində ərazilərimizin minalanması işlərini həyata keçirib. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin həyata keçirilməsinə, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına əngəl, ən böyük təhdiddir. Azərbaycan mümkün qədər minaların təmizlənməsi prosesini həyata keçirməyə çalışır. Ancaq hər kəsə məlumdur ki, bu 3-5 günün işi deyil və uzun müddətli bir prosesdir. Ona görə də keçmiş cəbhəyanı rayonlarında yaşayan insanlar, infrastruktur layihələrinə cəlb edilmiş vətəndaşlarımız maarifləndirmə işlərinə ciddi diqqət yetirməli, özfəaliyyətlə məşğul olmamalıdırlar. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, minalara qarşı maarifləndirmə proqramlarında da yeniliklər edilməlidir. Çünki köhnə qaydalarla həyata keçirilən maarifləndirmə proqramları o qədər də ciddi effekt vermir”.
Anar