Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankara Zirvəsinə öz möhürünü vuran bəyanat

Ankara Zirvəsinə öz möhürünü vuran bəyanat


"Türk dünyasının inteqrasiya prosesinin sürətləndiyini müşahidə etmək, türk dövlətlərinin başçılarını bir arada görmək həqiqətən də fövqəəladə dərəcədə müsbət haldır. Qardaş Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun da qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatı (TDT) yuxu idi, gerçək oldu. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha fəal rol oynamağa başlayır və dünyanın yeni güc mərkəzlərindən birinə çevrilir. Bu qurumun zirvə toplantıları türk birliyinin formalaşması prosesinə əlavə təkan verir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. MHP sədri deyib ki, adından da göründüyü kimi bu görüş Fövqəladə Zirvə görüşü idi:

"Görüşün fövqəladəliyi isə ilk növbədə bu yaxınlarda dəhşətli zəlzələ faciəsi ilə üzləşmiş qardaş Türkiyə xalqına və dövlətinə mənəvi-siyasi dəstək verilməsi ilə və eyni zamanda sürətlə dəyişən yeni geosiyasi reallıqlar və çağırışlar fonunda TDT-nin qarşısında duran vəzifələrin, türk dövlətlərinin yerinin və rolunun müəyyən edilməsi səylərinin ortaya qoyulması ilə bağlıdır. Bu mənada TDT-nin Ankara Zirvəsini həqiqətən də Türk dünyasının yeni yüksəliş dövrünün başlanğıcı hesab etmək olar.

Yeri gəlmişkən, biz bu Zirvə görüşünün məhz Ankarada baş tutmasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünü və xidmətini xüsusi olaraq qiymətləndirməliyik. Bəli, Ankara Zirvəsi Qəhrəmanmaraş mərkəzli dağıdıcı zəlzələ faciəsindən sonra məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Bu tədbirin əvvəlcə bütün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. İlham Əliyevin bu jesti TDT-na üzv olan digər türk dövlətlərinin liderləri tərəfindən də müsbət qarşılanıb. Təklif üzv dövlətlərin hər biri ilə razılaşdırıldıqdan sonra müvafiq qərar qəbul olunub və beləliklə də Ankarada Fövqəladə Zirvə görüşü baş tutub. Bu da öz növbəsində həm Azərbaycan-Türkiyə qardaşlığının, həm də bütün Türk dünyasında qarşılıqlı dəstəyin və həmrəyliyin mövcudluğunun təsdiqidir".

Əlisahib Hüseynov qeyd edib ki, Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan bu platformada Azərbaycan olduqca mühüm rol oynayır və Türkiyəyə ən sıx dəstək nümayiş etdirən bir ölkə kimi diqqəti cəlb edir:

"Biz bunu Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında da bir daha müşahidə etdik. Belə ki, Ankara Zirvə görüşündə dövlətimizin başçısı Azərbaycan-Türkiyə münasibətlərinə məxsusi olaraq toxundu və ölkələrimizin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu qeyd etdi. Təbii ki, bundan sonra da Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olmağa davam edəcək. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətləri əslində bütün türk dövlətləri üçün bir örnəkdir. Eləcə də Əliyev-Ərdoğan münasibətləri, onların dostluq və qardaşlıq ənənəsi də Türk Dövlətləri Təşkilatına üzv olan bütün türk cümhuriyyətlərinin liderləri üçün müsbət nümunə kimi göstərilə bilər. Ona görə də Azərbaycan Prezidentinin öz çıxışında 44 günlük Vətən müharibəsi dönəmində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyinin Azərbaycana əlavə güc verdiyini Zirvə görüşünün iştirakçıları qarşısında xüsusi vurğulaması sözün əsl mənasında yerinə düşdü. Dövlətimizin başçısı bildirdi ki, “2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanındaydı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir”. Bütün bunların ardınca isə, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalandı və beləliklə, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr ən yüksək səviyyəyə - rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmış oldu. Bu hadisə bütün dünyada da Türkiyənin Azərbaycana dəstəyinin ən mükəmməl nümunəsi kimi qəbul olundu".

Partiya sədri onu da qeyd edib ki, eyni səmimi davranışı Azərbaycan da Türkiyəyə qarşı hər zaman nümayiş etdirir. Prezident İlham Əliyevin öz çıxışında qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələnin, onun yaratdığı ağır fəsadların Azərbaycan dövləti və xalqı tərəfindən ürək ağrısı ilə qarşılandığını söyləməsi də bu davranışın qarşılıqlı olduğunu göstərir:

"Fevralın 6-da Kahramanmaraş şəhərində və Türkiyənin digər bölgələrində zəlzələnin baş verdiyi ilk andan etibarən Azərbaycan dövləti və xalqı bütün varlığı ilə qardaş ölkənin yanında oldu. Dövlətimiz də, vətəndaşlarımız da qardaş türk xalqına humanitar yardımlar etmək üçün tam səfərbər oldu. Dövlət başçımızın toxunduğu bir digər məqam isə keçən əsrin 20-ci illərində Türk dünyasına qarşı məkrli planın həyata keçirilməsi, türk xalqlarının coğrafi cəhətdən bir-birindən ayrı salınması ilə bağlı oldu. Belə ki, Türk dünyasının yalnız türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, əslində daha böyük coğrafiyanı əhatə etdiyini bildirən və dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən Azərbaycan Prezidenti, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini bütün Türk dünyasının coğrafi cəhətdən zorla ayrı salınması kimi dəyərləndirdi. Prezident həmçinin qeyd etdi ki, 1991-ci ilə qədər bütün Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub, lakin soydaşlarımız öz tarixi torpaqlarına sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Biz buna mütləq nail olacağıq. Və Azərbaycan dövləti Qarabağda yaşayan mülki erməni vətəndaşlarımızın fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyinə zəmanət verdiyi kimi, Ermənistan da qarşılıqlılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini qeyd-şərtsiz təmin etməlidir".

MHP sədri onu da vurğulayıb ki, Ermənistan həmçinin öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmalıdır:

"Prezident öz çıxışında bu məsələyə də toxundu və qeyd etdi ki, Ermənistan 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. “Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır, - deyə Azərbaycan Prezidenti vurğuladı. Şübhəsiz ki, Ermənistanın bu davranışları cavabsız, cəzasız qala bilməz. Ermənistana havadarlıq edən və onu revanşizmə sürükləyən böyük dövlətlər bu ölkəni məsuliyyətdən xilas edə bilməzlər. Azərbaycan istənilən halda Ermənistanı sülhə məcbur edəcək. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı da Azərbaycanın bu mövqeyini dəstəkləyir. Başqa sözlə desək, Azərbaycan Ermənistanın havadarları qarşısında tək deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fövqəladə Zirvə görüşünün açılışı zamanı çıxışında qeyd etdiyi kimi biz Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik. Qardaş ölkənin liderinin “Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq”, bəyanatı ilə çıxış etməsi heç şübhəsiz ki, Ankara Zirvəsinə öz möhürünü vurdu və Türk dünyasının böyük hədəflərini ortaya qoydu. Bu mənada, biz Türkiyə və Azərbaycanın öndərliyi ilə getdikcə güclənməyə davam edən Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Fövqəladə Zirvə görüşündən sonra Türk dünyasının inkişafında daha böyük uğurlara imza atacağına inanırıq".

Anar
Xəbəri paylaş