"Ermənilərin mina terrorunun qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməsinə ehtiyac var".
Bu fikirləri Newscenter-az-a səsləndirən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, əks təqdirdə bu terror daha neçə can alacaq və neçə-neçə vətəndaşımızı ciddi xəsarətlərlə üzləşdirəcək:
"Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycan dövləti azad edilən ərazilərdə minatəmizləmə əməliyuatları həyata keçirsə də, lakin işğal dövründə düşmən hər bir yaşayış məntəqəsi, hər bir kənd və qəsəbəni minaladığı üçün prosesi qısa müddətdə həyata keçirmək mümkün olmur. Digər tərəfdən təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müvafiq beynəlxalq təşkilatlar da ermənilərin mina terrorunun aradan qaldırılması istiqamətində Azərbaycan dövlətinə istənilən dəstəyi vermir. Həmçinin, Ermənistandan minaladığı əraziləri xəritələrini Azərbaycana təhvil verməyi tələb etmir. Düzdür, Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan əsir düşmüş hərbiçilərinin ona verilməsi müqabilində mina xəritəsi deyilən hansısa sənədi Azərbaycana verdi. Ancaq sonradan həmin xəritələrin də dəqiq olmadığı müəyyən edildi. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanı buna görə nə qınadı, nə də ondan izahat tələb etdi".
Arzuman Muradlı deyib ki, sivil dünya ermənilərin mina terrorundan dolayı insanlarımızın həlak olmasına göz yummamalıdr.
Mehman