Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində “Artsax Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb. Bu barədə yerli “Hraparak” qəzeti yazıb. Bildirilib ki, “Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.
Ümumiyyətlə, ölkədə artıq Papikyanla bağlı skandal yaranıb. Daha əvvəl onun istefa verəcəyinə dair məlumat yayılmışdı. İddialara görə, müdafiə naziri ilə baş nazir Nikol Paşinyan arasında ziddiyət var. Sonra Papikyan bu iddiaları rədd etdi və ordudakı islahatları davam etdirmək üçün vəzifəsində qalacağını bildirdi.
Papikyan bu günlərdə keçirdiyi mətbuat konfransında Paşinyanın ordu ilə bağlı səsləndirdiyi fikirləri təsdiqlədi. O, Müdafiə Nazirliyində “beşinci kolon”un olduğunu bildirdi və dedi ki, ordunun inkişafı üçün hətta “şeytan”la da əməkdaşlıq etməyə hazırdır. Nazirin sözlərinə görə, satqınlarla əməkdşalıq istisnadır.
Görünür, hakimiyyətdə Silahlı Qüvvələrlə bağlı narazılıq var. Paşinyan isə, yəqin ki, bunun əsas səbəbini Papikyanda görür.
Tərəflər arasında ziddiyətin əsas səbəbi ordudakı çatışmazlıqlar, nöqsanlar ola bilər. Bəlkə də, Papikyan Paşinyan iradlarından narazıdır. Amma hakimiyyətdə təmsil olunmaq istəyirsə, ali rəhbərliyin sözündən çıxmamalıdır.
“Artsax Respublikası” ifadəsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalıqları üçtərəfli bəyannamədə yoxdu. Biz “Artsax” toponimi qəbul etmirik. Deməli, bu ifadə həm də üçtərəfli bəyannamənin tələblərinin yerinə yetirilməsinə, həmçinin normallaşma prosesinə mane olurdu. Papikyanın əmrini bu konteksdə qiymətləndirmək olar.
Doğrudur, Ermənistan hərbi-siyasi hakimiyyəti bütün imkanları ilə vaxt qazanmağa, sülh müqaviləsini uzatmağa çalışır. Buna baxmayaraq, Paşinyan onu da başa düşür ki, Azərbaycanın şərtləri ilə sülh müqaviləsini imzalamağın alternativi yoxdur. Odur ki, bəzi əngəlləri aradan qaldırmağa çalışır.
Ermənistan Müdafiə Nazirliyində qəbul olunan qərarın gələcəkdə digər dövlət orqanlarında da qəbul olunacağı mümkündür.
Kənan Novruzov-siyasi ekspert