Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətlərinin dünyaya növbəti birlik təqdimatı

Türk dövlətlərinin dünyaya növbəti birlik təqdimatı


Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.Ən əsası,tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyev də hər zaman çıxışlarında iki ölkə arasında dostluq və qardaşlığın dünyaya nümunə olduğunu bəyan edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün növbəti dəfə martın 15-də Türkiyəyə səfərə gəlib.Səfərin məqsədi martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilməsidir ki, bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib.

Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.İclasa Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan ev sahibliyi etmişdir və iclasda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkmən xalqının Milli Lideri və Türkmənistanın Xalq Məsləhətinin Sədri Zati-aliləri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri Ersin Tatar, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Omuraliev iştirak etmişlər.Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin törətdiyi fəsadlar, qardaş ölkəyə edilən humanitar yardımlar barədə videoçarx nümayiş olundu.Təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitin açılışında çıxış edərək Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”-dedi.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fevralın 6-da baş verən zəlzələlərin şiddəti və onların törətdiyi dağıntıların böyüklüyü ilə bağlı beynəlxalq birliyi yardıma çağııb.

"Türk dünyası ilk yardım edənlər arasında oldu. Bizi ən çətin anımızda tək qoymadınız. "Dərd paylaşdıqca azalar" anlayışı ilə vətəndaşlarımızı həyata qovuşdurduq. Qurduğunuz səhra xəstəxanaları ilə yaralılarımızın müalicəsinə kömək etdiniz. Göndərdiyiniz çadırlar vətəndaşlarımızın yurdu oldu. Sevgili millətimiz heç vaxt unutmayacaq. Birləşmiş Millətlər Təşkilatı fevralın 16-da Türkiyəyə təcili yardım çağırışı etdi. Avropa İttifaqı Komissiyası və Beynəlxalq Donorlar Konfransı martın 20-də İsveçdə keçiriləcək. Bu beynəlxalq yardım fəaliyyətlərini dəstəkləyəcəyinizə şübhəm yoxdur", o qeyd edib.

Prezident deyib ki, gələn il 319 min, ümumilikdə isə 650 min ev tikib təhvil verilməsi planlaşdırılır.
"İnşallah dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələ bölgəmizi çox qısa müddətdə ayağa qaldırarıq", Ərdoğan bildirib.
O, zəlzələ fəlakətinin açdığı yaraların öhdəsindən həmrəylik və əməkdaşlıqla gəlinəcəyinə inanır.
"Bugünkü məsləhətləşmələrimizin türk dünyasının fəlakətlərə qarşı hazırlıq səviyyəsinin artırılması və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından xeyirli olacağına inanıram. Birliyimiz gücümüzdür", o qeyd edib.

Möhtərəm Prezidentimizinda, öz növbəsində,"Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Əziz qardaşım, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq" deyə bildirmişdir.Türkiyənin son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçməsini, dünyada söz sahibi olmasını, güc mərkəzinə çevrilməsini bildirən ölkə başçısı onun liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracağını nəzərə çatdırdı.

Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyədən böyük dəstək aldığımızı vurğulayan cənab İlham Əliyev bildirib ki, hörmətli Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlayan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi: "Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.

2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır."

2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini xatırladan İlham Əliyev Türkiye Prezidentinin türk dünyasının gücləndirilməsində böyük xidmətləri nəticəsində bu gün dünya ölkələrinin bu ölkə ilə hesablaşmasından bəhs etdi və əminliklə bildirdi ki, bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələr daha da möhkəmləndirilməsinə böyük töhfələr veriləcəkdir.

Müasir dünyamızda eyni soy-kökə, ortaq tarixə, mədəniyyətə və üst-üstə düşən iqtisadi-siyasi maraqlara malik türkdilli ölkələrin gücü, beynəlxalq siyasi arenada artan nüfuzu, bütün dünya ölkələrinə birlik, bərabərlik nümunəsi sərgiləyir.“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yükunu olaraq Ankara Bəyannaməsi imzalanıb.Bu Zirvə görüşündə qəbul olunmuş qərarların həyata keçirilməsi tarix boyu bir-birinə doğru can atan bütün türk xalqlarının birlik arzularının həyata keçirilməsi yolunda mühüm bir mərhələ olacaq.

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti zirvə görüşü bu ilin oktyabrında Qazaxıstanda keçiriləcək.

Aygül Bağırova
AJB üzvü
Xəbəri paylaş