Milli Həmrəylik Partiyasının (MHP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Newscenter.az MHP mətbuat xidmətinə istinadən xəbər verir ki, partiya sədrinin bayram təbrikində deyilir:
“Əziz soydaşlar!
Sizi xalqımızın minilliklərin sınaqlarından, sorğularından, qadağalarından şərəflə çıxmış ən gözəl bayramlarından biri - Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi və bol bayram sevinci arzu edirik.
Elimizin, evimizin astanasında olan bu bayram qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq mənbəyinə çevrilib. Artıq çoxdan biz azərbaycanlıların milli bayramı olmaq çərçivələrindən çıxaraq bütün insanlığın mədəni irsinə, bəşəriyyətin ortaq dəyərlərindən birinə çevrilmiş Novruz bayramı özündə ən ülvi keyfiyyətləri, xüsusiyyətləri birləşdirir. Bu bayram bütün neqativ düşüncələrin, aqressiya və umu-küsülərin bir kənara qoyulması üçün, insanlar arasında səmimiyyət, mehribanlıq, dostluq və qardaşlıq tellərinin möhkəmləndirilməsi üçün və eləcə də qohumlar-qonşular arasında bir-birinə qayğı və diqqətin artırılması üçün möhkəm zəmin yaradır.
Novruz bayramı barış bayramıdır, “Yurdda sülh, cahanda sülh” anlayışını təbliğ edən ulu mərasimdir, törədir. Dünyasını dəyişənlərin məzarlarının ziyarət olunması, yaxınların yad olunması, küsülülüklərin aradan qaldırılması, insanlar arasında qarşılıqlı xoş münasibətlərin bərqərar olması kimi müqəddəs dəyərləri ilə bu bayram əsrlərin süzgəcindən keçərək qan yaddaşımıza hopub, xalqımızı ən çətin məqamlarda belə daima ayaqda saxlayıb. El arasında Yaz bayramı, Bahar bayramı, Yeni Gün (Ergenekon) bayramı kimi də adlandırılan bu müqəddəs bayram əcdadlarımızın, ulu babalarımızın müasir azərbaycanlılara ən mükəmməl və əvəzolunmaz miraslarından biridir.
Novruz bayramı hər şeydən öncə həm də milli birlik, milli həmrəylik bayramıdır, hamımızı bir araya gətirən, 60 milyon insanı eyni dəyərlər ətrafında, eyni ocağın gur alovlarının işığında birləşdirən qeyri-adi, əvəzolunmaz bayramdır. Həm ovqatımızı yeniləşdirmək gücünə malik olan, həm də bütün xalqımızı eyni dəyərlər, eyni hədəflər və vahid məfkurə ətrafında birləşdirən, milli varlığımızı ayaqda tutan bu bayramın gözəl ənənələrini, xüsusiyyətlərini qoruyub saxlamaq və gənc nəslə də milli-mənəvi sərvətlərimizə hörmətlə yanaşmağı təbliğ etmək, aşılamaq hər birimizin mənəvi borcumuzdur.
Biz bu əziz bayram günlərində torpaqlarımızı öz canları, qanları bahasına azad etmiş şəhidlərimizin müqəddəs ruhlarını da dərin ehtiram və şükranlıq hissilə xatırlayırıq. Həmçinin Qarabağımıza Qələbə bayrağını sancan Ordumuzun qəhrəman əsgər və zabitlərini, igid qazilərimizi salamlayır və onlara bir daha öz təşəkkürlərimizi bildiririk. Ağalı kəndinə, Talış kəndinə köçən, öz doğma yurd yerlərinə qayıdan keçmiş məcburi köçkünlərimizin hamısını təbrik edirik. Qoy, Böyük Qayıdışın bu ilk başlanğıcları xeyirli, uğurlu və davamlı olsun!
44 günlük İkinci Qarabağ müharibəsi dövründə bir yumruq kimi birləşən, böyük Zəfərə Ordumuz və Dövlətimizlə birlikdə imza atan qəhrəman və mübariz xalqımıza bundan sonra da hər daim qələbə sevincləri, bayram əhval-ruhiyyəsi nəsib olsun. Azərbaycandan uzaqlarda yaşayan, qəlbi Vətən sevgisi ilə döyünən bütün soydaşlarımıza da
fürsətdən istifadə edib bayram təbriklərimizi və salamlarımızı yetiririk.
Ocaqlarınız gur yansın, əziz həmvətənlər! Novruz bayramınız mübarək olsun!
Anar