"Hər bir məmur və yaxud vəzifəli şəxs onun vəzifəyə nə üçün təyin edildiyini dərk etməlidir. O, hər şeydən əvvəl, “məndən istənilən nədir” sualına cavab verməyi bacarmalıdır. Məncə, bu sualın çox lakonik bir cavabı var: Məsuliyyət, məsuliyyət, yenə də məsuliyyət. Əks halda, həmin məmur, vəzifəli şəxs heç bir uğura imza ata, yaxud kollektivin gözündə ucala bilməz".
Newscenter-az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, bu baxımdan ona nə hörmət, nə də ki, rəğbət ola bilər:
"Çünki əxlaqi dəyər olan məsuliyyət hər kəs, xüsusilə vəzifəli şəxslər üçün çox önəmli amildir. Fikrimcə, məsuliyyət hissi digər insani hisslərlə də əlaqəlidir. Məsuliyyət hissi olmayan insanlar digər əxlaqi hiss və keyfiyyətlərdən də məhrumdurlar. Hətta mən deyərdim ki, vətənpərvərlik həm də məsuliyyət hissindən başlayır. Bu mənada Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, məsuliyyət, üstəlik təvazökarlıq hər bir vəzifəli şəxsin yaraşığı olmalıdır".
Əli İbrahimov hesab edir ki, vəzifə bu və ya digər şəxsin başına qoyulan tac deyil, onun çiyninə qoyulan böyük məsuliyyətdir:
"Təəssüf ki, bəziləri bu adi həqiqəti dərk etmirlər, hətta tabeciliyində olan insanlara təkəbbürlə yanaşırlar, Vətənə, dövlətə sədaqəti unudurlar. Bu da nəticədə neqativ hallara gətirib çıxarır. Hər bir rəhbər məsuliyyətli olsa, rəhbərlik etdikləri sahədə neqativ hallar tamamilə yoxa çıxar. Prezidentimiz cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq.” Bu isə o deməkdir ki, istər vəzifə başında, istərsə də digər yerlərdə qanunların pozulması qəbuledilməzdir"..
Əli İbrahimovun sözlərinə görə, hər bir şəxs qanunun aliliyini, cənab Prezident İlham Əliyevin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə heç kim məsuliyyətdən yayına bilməz:
"Çünki respublikamızda heç kim qanundan üstün deyil. Bu isə o deməkdir ki, ölkəmizdə heç kimə fərdi statusuna görə qiymət verilmir".
Mehman