İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. "Dəmir yumruq" əməliyyatı nəticəsində 28 ildən sonra şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma yurdumuza qovuşmaq bizə nəsib oldu. 44 gün ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi.
İki qardaş dövlət arasında olan münasibətlərin fəlsəfi ideoloji xəttini ulu öndər Heydər Əliyev qoyub. Burada əsas dövlətlər arasındakı bağlayıcı tezis "Bir millət, iki dövlət" ifadəsidir. Dost və qardaş olan bu iki dövlət arasındakı səmimi münasibətlər uğurlu siyasətin məntiqi nəticəsi olaraq daha da yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı həm də regionda sabitliyin, tərəqqinin olmasına mühüm töhfələr verir. Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini hər zaman hiss etmişik. İstənilən taleyüklü tarixi məqamlarda türk xalqının və dövlətinin qüdrətli əlini çiynimizdə görmüşük.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Böyük kürsülərdən dəfələrlə səsləndirilən bu açıqlamalar eyni zamanda, Ermənistanın havadarlarına, onu müdafiə edən qüvvələrə və ölkəmizə qarşı ədalətsiz mövqedə duran qruplara bir mesaj oldu. O, Azərbaycanın apardığı haqlı mübarizəsində dünya ölkələrinə kənarda durmalarını, bu məsələyə müdaxilə etməməyi bəyan etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi. Türkiyə mediası bu tarixi çıxışı geniş işıqlandırdı. Rəcəb Tayyib Ərdoğan çıxışında bunları dedi: "Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, otuz illik həsrət sona çatmışdır. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları firavan, inkişaf etmiş, övladlarımız üçün yaşana bilən bir yerə çevirmək uğrunda mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir".
Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaq. Türkiyənin regionda gücü postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır.
Aynur Baxşəliyeva - Şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi