"Müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni hərbi birləşmələri Şuşa-Laçın yoluna alternativ torpaq yoldan istifadə edərək Ermənistandan hərbi yükdaşımalarını davam etdirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin bu zamana qədər normallaşma və yaxud sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər və bütün siyasi manevrləri sadəcə vaxt qazanmağa hesablanmış gedişlər idi:
"İndiki halda Paşinyan administrasiyası Qarabağ və iki ölkənin şərti sərhəddində təxribatlar törətməklə ölkəmizi Rusiya və Aİ missiyası ilə üz-üzə qoymağı planlaşdırır və bu yolla Azərbaycana qarşı müəyyən dividentlər qazanmağa çalışır. Rusiyanın məlum proseslərdə aktiv şəkildə iştirak etməsi ilk öncə üç tərəfli bəyanatın müddəalarına ziddir və bu kimi davranış sərgiləmək rəsmi Moskvanın imicinə xələl gətirir. Lakin biz hər zaman bu nüansı xüsusi olaraq qeyd etmişik ki, Moskva tərəflərdən hər hansı birinin mövqeyinin güclənməsində yox münaqişənin davam etməsində maraqlıdır. Nəzərə alsaq ki üç tərəfli bəyanata əsasən sülhməramlı mandatın fəaliyyət müddəti beş il nəzərdə tutulub və bu vaxtın bitməsinə elədə çox vaxt qalmayıb. Məhz Kreml rəhbərliyinin gərginliyi artırmaq cəhdlərinin ardında duran səbəb də budur".
AVP rəsmisi qeyd edib ki, lakin, Azərbaycan ordusu istənilən təxribatlara cavab vermək iqtidarındadır və düşmənin mümkün hərbi aktivliyinin qarşısı lazımı formada alınacaqdır:
"Bunun üçün ölkəmizin hərbi və siyasi gücü yetərincədir. Baş verən proseslər birdaha məlum yollar üzərində nəzarət-keçid məntəqələrinin qurulmasını labüd edir. Nəzarət məntəqələrinin qurulması ilə təxmini sayı 10 min nəfər olan qeyri-qanuni erməni silahlı dəstələri bütün imkanlardan məhrum ediləcək və tədricən müqavimət göstərməyin mənasız olduğunu anlayaraq bölgəni tərk edəcəklər".
Anar