Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bölgələrə səfər zamanı bir daha əmin olduq ki, icra hakimiyyətləri ləğv edilməlidir-ANAR ƏSƏDLİ

Bölgələrə səfər zamanı bir daha əmin olduq ki, icra hakimiyyətləri ləğv edilməlidir-ANAR ƏSƏDLİ


Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyi sakinlərlə görüşmək, onların problemlərini öyrənmək, həyat şəraitləri ilə tanış olmaq məqsədilə bölgələrə səfər edib.

Newscenter.az xəbər verir ki, partiya Başqanı Anar Əsədli Bərdə, Tovuz, Gədəbəy, Qazax rayonlarında, eləcə də, kəndlərdə yaşayan əhali ilə görüşüb. Anar Əsədli bundan sonra mütamadi olaraq bölgələrə səfərlər təşkil edəcəyini və əhalinin əsas problemləri ilə bağlı rəsmi olaraq aidiyyatı qurumlara müraciətlər edəcəyini deyir.

“Bizim bölgə səfərlərimizin iki əsas məqsədi var. Birincisi, uzun illərdir, Azərbaycan siyasi partiyalarının paytaxt institutu kimi fəaliyyət göstərməsidir. Yəni bölgələrə çox da çıxa bilməməsinin bir sıra səbəbləri var idi. Xüsusilə hakimiyyətin sözügedən məsələlərdə problem yaratması fakt idi. Lakin bütün hallarda, bütün problemlərə rəğmən, siyasi partiyaların bölgə səfərlərinə rast gəlinmirdi. Sanki hakimiyyətin yaratdığı maneələri bəhana kimi əldə tutub, siyasi intitutlar bölgələrə getməkdən imtina edirdi. Bu maneələri qırmaq və xalqla görüşərək onların problemlərini dinləmək lazım idi. Çünki xalqın hazırda dinlənilməyə ehtiyacı var. Təbii ki, dinlədiyimiz problemləri təsnifatlandırmaq vacibdir. Bununla yanaşı, partiyanın yerli təşkilatlarını formalaşdırmaq, bölgələrdə olan çoxsaylı tərəfdarlarımızla da görüşmək və qeyd etdiyim kimi insanların problemlərini öyrənmək üçün bölgələrə səfər etdik. Düşünürük ki, hər bir həftə, on gündən bir rayonlarımızda olaq. İlk səfərimiz də Bərdə, Tovuz, Qazax və Gədəbəy oldu. Burada xeyli insanlarla tanış olduq”, - deyə A.Əsədli qeyd edib.

Regionlarda yaşayan insanların çətinliklərini onların özündən öyrənən partiya Başqanı və rəhbərliyi dinlədikləri problemləri təsnifatlandırıblar. Region əhalisinin əsas şikayətçi olduqları qurum isə rayon İcra hakimiyyətləridir. Elə Anar Əsədliyə vəziyyəti şərh edən hər 10 nəfərdən doqquzu İcra hakimiyyətlərinin yarıtmaz fəaliyyətindən əziyyət çəkdiklərini dilə gətirib.

“Mənim müşahidə etdiyim budur ki, xalq hər yerdə icra başçılarından narazıdır. Ölkədə 2 il ərzində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən icra başçıları haqqında aparılan araşdırmalar və həbslər onu göstərdi ki, icra başçıları hansı formada işləyir. Xalqla görüşümüz zamanı icra başçılarından olan narazılıq əslində bu institutun çökdüyünü və bəlkə də birdəfəlik ortadan qaldırılmasını labüd olduğunu ortaya çıxarır. İcra hakimiyyəti məsələsində baxışımız budur ki, mütləq Azərbaycanda bələdiyyələrə yeni, özəl səlahiyyətlər, statuslar verilib, Türkiyədəki bələdiyyə institutu modelini Azərbaycana gətirmək lazımdır. Mütləq olaraq xalq yerli, özünüidarəetmə sistemində iştirak etməlidir. Yerlərdə məmur özbaşınalığı həddindən artıqdır. Siz təsəvvür edin ki, bölgələrdəki insanlarımız bütün problemlərinin başında icra başçılarını vurğulayırlar. Deputatlardan da şikayətlər çoxdur. Düzdür, istisnalar da var".

Regionda çətinliklər işsizliklə yanaşı, bir çox dağ kəndlərində yaşayan əhalinin nəqliyyat, yaxın ərazilərdə ATM-lərin olmaması, küçə ticarəti ilə məşğul olan şəxslərə qadağaların tətbiq edilməsi ilə bağlıdır.

“Küçə ticarəti ilə məşğul olan insanlardan xeyli şikayətlər aldıq. Bu, həqiqətən ciddi məsələdir. İnsanlara məhsullarını küçədə satmaq üçün icazə vermirlər. Təsəvvür edin ki, müharibə veteranına dövlət 80 manat pul verir. Gədəbəyin ucqar bir kəndindəki veteran 80 manatı almaq üçün ərazidə ATM olmadığından rayon mərkəzinə getməlidir. Kənddən rayona avtobus yoxdur. Problemlərin zəncirvari bir -birinə necə bağlandığına fikir verin. Pul gəlir. Terminaldan çıxarmalıdır. O yoxdur. Rayona getməlidir. Bu dəfə avtobus yoxdur. Rayona getmək üçün isə taksiyə 20 manat gedəndə, 20 manat gələndə verməlidir. Yəni ki, 80 manatı nağdlaşdırmaq üçün 40 manat xərcləməlidir. Bu, elə bir məsələdir ki, millət vəkilinin müvafiq qurumlara müraciəti, sorğusu, telefon zəngi, gedib görüşməklə yoluna qoymaq mümkündür. Lakin problemlər həllini tapmır. Biz bunlarla bağlı müvafiq qurumlara müraciətlər göndərəcəyik. Müharibə əlillərimizin, qazilərimizin, veteranlarımızın ən azından bu kimi problemlərinin qarşısı alınmalıdır. Təbii ki, əmək pensiyası və ya dövlətdən digər müavinatlar alan şəxslərin də çətinlikləri sadaladığımız problemlərin içərisindədir”.

Şəhid ailələrini də ziyarət edən AY partiya başqanı Anar Əsədli ölkənin ən həssas təbəqəsindən olan insanların şikayətlərini də dinləyib:

“Şəhid ailələrini ziyarət etdik. Onların da problemləri var. Təbii ki, problemlərin bir hissəsi həllini tapıb. Lakin hələ də çətinlikləri olan şəhid ailələrimiz var. Bizə bildirdilər ki, bəzi məmurlar, nazirlər ayrı-ayrılıqda məşğul olurlar. Amma ümumi olaraq hökumətin çalışan vahid mexanizmi yoxdur. Məsələn, icra başçısının yanına gedirlər, qəbul etmir. Lakin Daxili İşlər naziri Vilayət Eyvazovdan razılıq edirlər ki, övladlarımıza baxır, işə götürür. Bu; onu göstərir ki, hökumətin bölgələrlə bağlı vahid mexanizm sistemi yoxdur. Bölgə insanları məmurların vicdanına buraxılıb. Yəni ki, hansı məmurun vicdanı nə qədərdirsə, oradakı insanla o qədər maraqlanır”.

Səfərlə bağlı qeydə alınan şikayətlərin aidiyyəti dövlət qurumlarına çatdırılması üçün işlərə başlanıldığını qeyd edən Anar Əsədli bildirdi ki, regionlarda partiya olaraq da görəcəkləri daha ciddi vəzifələr var:

“Bölgədə bu problemləri görəndən sonra əmin olduq ki, partiya olaraq bölgə liderləri formalaşdırmalıyıq. Bu liderlər bələdiyyə seçkilərində iştirak edərək, xalqın səsini alıb yerli özünüidarəetmədə xalqın iştirakını təmin edərək problemləri ortadan qaldırmaq olar. Sıx-sıx siyasi partiyaların bölgəyə getməsi, nsanlarla aktiv şəkildə görüşməsi lazımdır. Səfərlərimiz davam edəcək. Bütün səfərlərimizdən sonra oradakı insanlarımızın problemlərinin rəsmi formada həm dövlət qurumlarına daşınmasını və həlli istiqamətində hansı addımlar atacağımızı, daha doğrusu, hakimiyyət strukturlarının hansı addımlar atacaqlarına sövq edəcəyimizi hər kəs görməlidir”.

Mehman
Xəbəri paylaş