Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.
Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, nə qədər gec deyil Qarabağın erməni sakinləri Azərbaycan dövlətinin bu humanist təşəbbüslərindən yararlanmalı, rəsmi Bakı ilə danışıqları davam etdirməlidir:
"Azərbaycanın Xocalı şəhərində baş tutan ilk görüşdən sonra Qarabağın erməni sakinlərinə həm İrəvan, həm də Qarabağdakı separatçı rejim tərəfindən təzyiqlər göstərildi və ona görə də danışıqların davamı olmadı. Lakin buna baxmayaraq Azərbaycan tərəfi yenə də öz humanism prinsipini önə çəkərək Qarabağın erməni sakinləri ilə görüş təklifi irəli sürür. Qarabağın erməni sakinləri anlamalıdırlar ki, onlara nə Ermənistan hakimiyyətindən, nə də Qarabağ separatçılarından heç bir fayda gəlməyəcək. Azərbaycan tədricən bütün suveren ərazilərinə nəzarəti tam bərpa etdikdən sonra Qarabağ separatçıları da oradan rədd olub gedəcək. Ona görə də ermənilər heç bir təzyiq və maneələrə məhəl qoymayıb Azərbaycan hakimiyyəti ilə danışıqlara maraqlı olmalıdırlar. Çünki onların xoş gələcəyi, rahat və firəvan yaşamasının zımanətçisi məhz Azərbaycan dövləti və Azərbaycan hakimiyyətidir".
Arzuman Muradlı hesab edir ki, Bakının danışıqlar təklifindən imtina Qarabağın erməni sakinləri üçün yaxşı heç nə vəd etmir: "Əminik ki, nəhayət Qarabağın erməni sakinləri separatçılara, eləcə də İrəvana məhəl qoymadan Bakı ilə danışıqlara başlayacaqlar"
Mehman