Artıq birinci dəfə deyil ki, sülh anlaşması üçün uyğun şərait yarananda, bu haqda ümidverici açıqlamalar səsləndiriləndə Azərbaycanla sərhəddə və Qarabağda vəziyyətin gərginləşdirilməsinə çalışıldığını görürük. Aydındır ki, özlərinin və qarşıdakının gücünü yaxşı bilən Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər. Buna həvəsləndirilir və hətta sövq olunurlar. Həvəsləndirənlər qərbdəkilər, sövq edənlər isə regiondakı iki bəlli dövlətdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib. Millət vəkili daha sonra fikirlərinı belə davam edib:
"Beləliklə, biz görürük ki, münaqişə zamanı olduğu kimi postmünaqişə dönəmində də Azərbaycan təkcə işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistanla deyil, ondan geosiyasi alət kimi faydalanan, faydalnamaq niyyətində olanlarla da mübarizə apararaq öz torpaqları üzərində suverenliyini tam təminə çalışır və bunu bacarır da.
Martın 25-də keçirilən əməliyyat da bu yöndə atılan növbəti və görünən önəmli addımlardan biri idi. Təbii ki, görünməyən, açıqlanması lazım bilinməyənlər də var və bizim öz məqsədimizə doğru irəliləməmizdə onların da az rolu yoxdur. Məqsəd isə budur ki, regionda beynəlxlaq normalara əsaslanan dayanıqlı sülh olsun, haylardan bizə qarşı geosiyasi alət kimi faydalanmağın perspektivsizliyini hər kəs anlasın".
Sahib Alıyevin qənaətincə, o baxımdan götürdükdə martın 25-də keçirilən əməliyyat mənə elə gəlir ki, haylardan da çox, onlardan geosiyasi alət kimi faydlananlara təsirli bir görk oldu:
"Qarabağdakı haylar üzərində subyektlikləri olanlara, separatçıların “yefreytor”u Araik Harutyunyanı növbəti dəfə aparıb, təlimatlandırıb geri qaytaranlara göstərildi ki, ora qarışıq torpaqlarının hər qarışında hökmü Azərbaycan verə bilər, başqa heç kim".
Sahib Alıyev fikirlərinə belə davam edib:
"Mən əslində martın 25-dəki əməliyyatı vətəndaş cəmiyyəti təmsilçilərinin dekabrın 12-də başlatdıqları və hələ də davam edən aksiyanın məntiqinə, eləcə də ruhuna uyğun bir addım kimi dəyərləndirirəm. Azərbaycan bununla növbəti dəfə göstərdi ki, biz həm cəmiyyət, həm də dövlət olaraq Qarabağdakı hayların orada qalıb yaşamalarının hələ də əleyhinə deyilik. Buyurub vətəndaşlığımızı qəbul etsin, reinteqrasiya olunsun, təhlükəsiz və azad yaşasınlar.
Reinteqrasiyadan imtina edirlərsə, bunda da sərbəstdirlər. Onlara yalvarmayacağıq. Eyni zamanda kimin nə plan qurmasından asılı olmayaraq, ötən il dekabrın 12-də və bu il martın 25-dəki kimi lazım gələndə yumşaq, ehtiyac duyulanda ağıllı güc tətbiq etməklə torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi və subyektliyimizi göstərəcəyik".
Millət vəkilinin sözlərinə görə, bütün dünya bir daha görür ki, biz reinteqrasiya tərəfdarı kimi çıxış edib-etməmələrindən asılıq olmayaraq Qarabağdakı hər hansı hayın burnunun belə qanamasını istəmirik:
"Amma onlar da anlamalıdırlar ki, Azərbaycan qanunları çərçivəsində yaşamaqdan başqa heç bir alternativləri yoxdur. Alternativlər ancaq bizim sərhədlərimizdən kənarda ola bilər. Ermənistana gəldikdə, oradakılarla da nə qədər mümkündürsə, bir o qədər tez sülh anlaşmasının imzalanmasında, beynəlxalq normalara dayanan normal əlaqələrin qurulmasında maraqlıyıq. İstəmirlərsə, yenə də özləri bilərlər, istəməsinlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, biz bütün ssenarilərə hazırıq".
Mehman