“Dünya yenidən qurulur. Rusiya imperiyasi xüsusilə Türkiyənin maraqlı olduğu dairələrdə, Orta Asiya və Qafqazda hər zaman hegemon olub. Lakin Rusiyanın çöküşü yeni tarixi şərait yaradıb. Bu baxımdan yeni qurulan dünyada Türkiyənin rəhbərliyində, yaxud Türkiyə-Azərbaycan mərkəzli yeni türk dünyasının mənfəətlə çıxması üçün mövcud siyasi kursun və mövcud komandanın qalması çox vacib şərtlərdən biridir”.
Bu fikirləri Newscenter.az-a Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli Türkiyədə seçkiöncəsi prosesləri dəyərləndirərkən səsləndirib. O bildirib ki, hazırkı situasiyada demokratiya oyunundan daha çox milli mınfəətimiz və dövlət maraqlarımız önə keçməlidir:
“Bu gün dünya da eyni cür davranır. Silahlar, diplomatiya işləyir. Ancaq dövlətlər müxtəlif fəndlərlə yeni situasiyada öz maraqlarının coğrafiyasını genişləndirməyə çalışırlar. O cümlədən, Türkiyə də bu yolu getməlidir. Təbii ki, demokratiya mühüm şərtlərdən biridir. Güman edirəm ki, Türkiyədə seçkilər demokratik olacaq. Türkiyənin həm daxildə, həm də dünya çapında apardığı siyasət, eləcə də Türk dünyası, İslam coğrafiyası üçün götürdüyü kurs çox cazibəlidir. Eyni zamanda Rusiya-Ukrayna savaşının ortasında Türkiyənin bir hakimlik görəvi var. Hətta sabah Rəcəb Tayyib Ərdoğan rəhbərliyi altında bu iki dövlətin sülh sazişi imzalamasına da şahidlik edə bilərik. Bu baxımdan hesab edirəm ki, döngədə atları dəyişmirlər. Çünki döngədə atı dəyişəndə fəsadlar baş verə bilər. Bütün bunları nəzərə alaraq mövcud kursun davam etməsi və Ərdoğan komandasının yeni bir dönəmdə Türkiyəyə rəhbərlik etməsini ümumtürk dünyası, İslam coğrafiyası, hətta dünyanın maraqlarına uyğun hesab edirəm”.
Anar