"Azərbaycan tərəfinin Qarabağın erməni icması ilə görüşmək istəməsinin siyasi addım kimi əhəmiyyəti vardır".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan özünün sülhpərvər olduğunu dünya ictimaiyyətinə göstərməlidir:
"Amma bu, o demək deyildir ki, Azərbaycan belə görüşlərin nəticə verəcəyinə inanır və ya buna ümid bəsləyir. Erməni tərəfi də eyni məntiqlə bu görüşə gəlir. Onların öz həqiqətləri var, eynən Azərbaycanın olduğu kimi. Amma Azərbaycanın ərazisi daxilində həqiqətləri Azərbaycan dövləti və ordusu yaradır".
Azər Qasımov qeyd edib ki, bu görüşlər görüşdən o tərəfə gedə bilməz:
"Çünki tərəflərin mövqeyində heç bir yaxınlaşma yoxdur. Erməni tərəfi ümidini xarici havadarlarına bağlayıb, vaxt qazanmaq istəyir. Belə görüşlər əvvəlki kimi 30 il də davam etsə, heç bir nəticə verməz. Nəticə olacaqsa, bunu Azərbaycan əsgərinin addım-addım atdığı reallıqlar gətirəcək".
Anar