Rusiya prezidenti Vladimir Putin son müsahibəsində bildirib ki, Rusiya Çinlə hərbi ittifaq yaratmaq fikrində deyil. “Biz Çinlə hərbi-texniki sahədə əməkdaşlıq etsək də, ittifaq yaratmırıq, qarşılıqlı əməkdaşlıq prosesi şəffavdır” deyən Putin iki ölkə arasında hərbi təlimlərin sayının artmasını da etiraf edib. Putin Rusiyanın Çinlə yanaşı başqa ölkələrlə də birgə hərbi təlimlər keçirdiyini deyib.
Kreml sahibi Qərbin “qlobal NATO” yaratdığını iddia edib. Putin hesab edir ki, Qərb yeni ittifaqlar formalaşdırır. Rusiya prezidenti buna misal olaraq 1930-cu illərdə Almaniya və İtaliya faşistlərinin militarist Yaponiya ilə ittifaq yaratdıqlarını göstərib: “NATO-nun 2022-ci il strateji inkişaf konsepsiyasında yazılıb ki, Şimali Atlantika Bloku Asiya və Sakit okean regionu ölkələri ilə əlaqələri genişləndirəcək. Bu sırada Yeni Zellandiya, Avstraliya və Cənubi Koreya var. Bu ölkələrin özləri də NATO ilə qlobal əlaqələri inkişaf etdirəcəklərini bildiriblər”.
Maraqlıdır ki, Putin Asiya və Sakit okeanı ölkələrindən danışarkən Hindistanın adını çəıkməyib. Halbuki, Dehli də son illər Qərblə hərbi-texniki əməkdaşlığa üstünlük verib. Putin Hindistanın adını ona görə çəkməyib ki, hər halda Moskvanın Dehli ilə siyasi və iqtisadi əlaqələri mövcuddur və bu ölkəyə müəyyən sayda hərbi texnika sata bilir. Digər tərəfdən Dehlinin Qərblə əməkdaşlığını genişləndirməsinə baxmayaraq, Hindistan Rusiya ilə dialoqunu davam etdirir. Yeni Zellandiya, Avstraliya və Cənubi Koreyanı isə Rusiya ilə dialoq aşağı səviyyədədədir. Ona görə də Putin NATO-nun qlobal planlarından danışarkən məhz bu ölkələrin adını çəkib.
Putinin Çinlə hərbi ittifaqının mövcud olmaması fikrinə gəldikdə isə, bunu ilk növbədə Pekin istəmir. Rusiya Çinlə hərbi ittifaq formalaşmaq istəyərdi, çünki Kremlin NATO-ya mübarizəsində güclü müttəfiqə ehtiyac var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə yaramır. Ancaq Pekin hərbi ittifaqlarda maraqlı deyil. Əlbəttə, Çin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirəcək. Ancaq Pekin Kremlin kiçik qardaşı olmaq istəmir. Pekini Kremllə strateji tərəfdaşlıqda əsas marağı çoxqütblü dünyanın formalaşması və Rusiyadan ucuz qiymətə neft və qaz almasından ibarətdir.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri