Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə prezidentliyə iddia edən namizədlərin içərisində ən şanslı namizəd Ərdoğandır -ÖZƏL

Türkiyədə prezidentliyə iddia edən namizədlərin içərisində ən şanslı namizəd Ərdoğandır


"Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinin gərgin keçəcəyi göz önündədir. Artıq 4 nəfərin namizədliyi təsdiqlənib və bu say qarşıdakı günlərdə arta da bilər. Amma namizədlərin sayının neçə olmasından asılı olmayaraq bu seçkilərdə əsas mübarizənin cənab Ərdoğan və “Altılı masa”nın namizədi Kılıcdaroğlu arasında keçəcəyi şübhəsizdir".

Bu fikirləri Newscenter.az politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu 20 il ərzində Türkiyəni "borc bataqlığı"ndan çıxararaq, iqtisadiyyati dünyanın avanqard ölkələrinə yaxınlaşan güclü dövlətə çevrilməyi bacarıb:

"İndi onun hakimiyyətinə qədər Ağ Evdən göndərilən təlimatları icra edən Türkiyə artıq yoxdur. Bunun əvəzində hazırda Türkiyə dünya siyasət məkanında qlobal güc mərkəzinə çevrilib. Daxili və xarici siyasəti müstəqildir, iqtisadi inkişaf resursları ölkənin perspektivlərinə istiqamətləndirilib. Hətta prezident R.T.Ərdoğanın strateji planları sayəsində Türkiyə indi dünyanın önəmli enerji dövlətinə çevrilmək şansı da qazanıb".

Yusif Bağırzadə qeyd edib ki, Türkiyə iqtisadiyyatının sürətlə böyüyərək, 850 milyard dollara yaxınlaşması da daxili və xarici rəqibləri ciddi şəkildə narahat edir:

"Çünki belə davam edərsə, tezliklə Türkiyənin trilyonluq iqtisadiyyatla dünyanın aparıcı ölkələri sırasına yerləşməsi qaçılmaz olacaq. Bu haldasa, hərbi sənaye kompleksi də sürətlə inkişaf edən, silah alan ölkədən hərbi texnika satan ölkəyə çevrilən Türkiyə ilə beynəlxalq rəqabət o qədər də asan olmayacaq. Və bu baxımdan, Türkiyənin yaxın illərdə dünyanın aparıcı ölkələri sırasında ilk beş dövlət arasında yer alması artıq qətiyyən fantastik ehtimal kimi görünmür".

Politoloq onu da diqqətə çatdırıb ki, Ərdoğan hakimiyyətinin yenidən qalıb gəlməsi həm Türkiyənin sürətlə yüksəlişi, həm də dünyada qüvvələr nisbətinin ciddi şəkildə dəyişməsi, eləcə də, Türk Dövlətləri coğrafiyasının yeni inkişaf mərhələsində irəliləməsi üçün həlledici strateji faktor rolunu oynaya bilər. Elə bu səbəbdən də ABŞ və Qərb, bütün dünyanın gələcək taleyinə birbaşa təsir göstərəcəyi artıq qətiyyən şübhə doğurmayan bu önəmli seçkiləri diqqətlə və həyəcanla izləyir:

"Kılıcdaroğlu isə özü də dediyi kimi cənab Ərdoğanın apardığı siyasəti 180 dərəcə dəyişmək fikrindədir. Məsələn o, Türkiyənin Liviya ilə enerji müqaviləsi imzalamasına, Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasına, Türk Dünyası ilə hərbi-siyasi, iqtisadi-ticari inteqrasiya prosesinə etiraz edir. Bunun əvəzində isə PKK/PYD-nin Türkiyədəki siyasi qolu olan HDP ilə səhnəarxası əməkdaşlığa xüsusi önəm verir. Yəni başqa sözlə ifadə etsək, Ərdoğan hakimiyyətini məğlub etmək üçün HDP-ni dəstəkləyən elektoratın səsləri naminə Türkiyənin milli maraqlarını təhlükə altına atmaqdan çəkinmir. Amma Kılıcdaroğlunun İmamoğlu və Mansur Yavaş qədər güclü reytinqə malik olmaması da göz önündədir. Eləcə də Kılıçdaroğlunun sırf sol təmayüllü siyasi cərəyanı təmsil etməsi onun sağ yönümlü mühafizəkar Anadolu seçicilərindən, həmçinin məzhəb faktoruna görə geniş dəstək ala bilməyəcəyini də proqnozlaşdırmaq olar. Təbii ki, Türkiyədə baş verən zəlzələ faciəsi də seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Qardaş ölkədə yaşanan iqtisadi böhran və sosial problemlər də hakimiyyətin şanslarını zəiflədən amillərdəndir. Zəlzələdən ən çox zərər çəkmiş bölgələrdə təxminən doqquz milyon seçicinin olmasını və onların öz səsləri ilə ölkənin 600 qanunvericisindən 96-nı seçəcəyini, yəni olduqca həlledici səsə sahib bir bölgə olduğunu nəzərə alsaq deyə bilərik ki, bu səslər uğrunda da güclü mabarizə gedəcək".

Yusif Bağırzadə hesab edir ki, prezidentliyə iddia edən namizədlərin içərisində ən şanslı namizəd Rəcəb Tayyib Ərdoğandır:

"Onun zəngiz siyasi təcrübəsi və əhalinin müxtəlif təbəqələri tərəfindən dəstəklənməsi faktdır. Təbii ki, son sözü Türkiyə vətəndaşları deyəcək və biz də onların qərarına hörmətlə yanaşacağıq. Əsas odur ki, kimin qalib gəlməsindən asılı olmayaraq Türkiyənin Azərbaycala bağlı siyasətində hər hansı dəyişiklik olmayacaq. Türkiyənin qəbul edilmiş dövlət ənənələri və siyasəti mövcuddur. İkinci bir tərəfdən isə Azərbaycan-Türkiyə münasibətləri iki ölkə insanının bir-birinə münasibətidir və kimsə bu siyasəti dəyişməyi düşünəcəksə xalq ona öz yerini göstərəcək".

Anar
Xəbəri paylaş