Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövlətinin uzanan əməkdaşlıq əlini geri çevirmək Qarabağın erməni sakinləri üçün yaxşı heç nə vəd etmir -ÖZƏL

Azərbaycan dövlətinin uzanan əməkdaşlıq əlini geri çevirmək Qarabağın erməni sakinləri üçün yaxşı heç nə vəd etmir


“Qarabağın erməni sakinləri anlamalıdırlar ki, onların yeganə çıxış yolu, eləcə də təhlükəsiz, rifah halında yaşaması Azərbaycan cəmiyyətinə reinteqrasiyadan keçir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi təklifini dəyərləndirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri Bakının təklifini dəyərləndirməlidirlər:

“Biz bilirik ki, Xocalı şəhərində baş tutan ilk görüşdən sonra Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə Qarabağ separatçıları, eləcə də Ermənistan hakimiyyəti tərəfindən təzyiqlər olub. Nə İrəvan, nə də Qarabağdakı qeyri-qanuni erməni birləşmələri, həmçinin separatçı Araik Arutunyan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını istəmir. Onlar hər zaman Qarabağın erməni ictimaiyyətinin nümayəndələrindən bir vasitə, öz məqsədlərinə çatmaq üçün alət olaraq istifadə ediblər. İndi onların rəsmi Bakı ilə danışıqlar aparıb Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması Qarabağ separatçıları və İrəvan hakimiyyətinin planlarının pozulması demək olar. Ona görə də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmasına ciddi cəhdlə maneə törədilir”.

İqbal Məmmədov hesab edir ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin rəsmi Bakı ilə danışıqlara başlaması Kremlin də maraqlarına ziddir:

“Rusiya hər zaman Qarabağ ermənilərindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ona görə də problemin bu şəkildə həllinə tərəfdar deyil. Son günlərdə Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin Ermənistan tərəfindən yenidən silahlandırılması, Ermənistandan Qarabağa gətirilən hərbi texnikaları Rusiya sülhməramlılarının müşayət etməsi də deyilənləri təsdiqləyir”

Millət vəkilinin qənaətincə, bütün halda Qarabağın erməni ictimaiyyətinin nümayəndələri özlərində cəsarət tapıb rəsmi Bakı ilə təmaslara başlamalı, öz gələcək həyatlarını qurmalıdırlar:

“Azərbaycan dövlətinin uzanan əməkdaşlıq əlini geri çevirmək Qarabağın erməni sakinləri üçün yaxşı heç nə vəd etmir. Yalnız Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqla onlar daha təhlükəsiz və rahat, sosial baxımdan yüksək səviyyədə yaşaya bilərlər”.

Anar
Xəbəri paylaş