Adətən bayram günlərində bazarlarda, iri ticarət mərkəzlərində ərzaq məhsullarının qiymətlərində müşahidə edilən artım bayramdan sonrakı günlərdə nisbətən aşağı düşməyə başlayır. Ancaq bu il bu istisna təşkil etdi. Belə ki, bayram günlərində bazarlarda olan qiymətlər hazırda da eyni səviyyədə qalır. Bəs, bunun başlıca səbəbi nədir?
Məsələ ilə əlaqədar olaraq İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzindən Newscenter.az-a bildirilib ki, bazarlarda qiymətlərin aşağı düşməməsi və əvvəlki həddə qalması bir neçə amillə bağlıdır. Mərkəz hesab edir ki, ilk növbədə daxili istehsal zəifdir və əvvəlki illərə nisbətən kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəmək səviyyəsindən çox-çox aşağıdır:
"Xüsusilə, suvarma probleminin getdikcə ciddi xarakter daşıması müxtəlif məhsullar üzrə daxili istehsalın azalmasına səbəb olub".
Mərkəzdən o da bildirilib ki, qonşu ölkələrdən idxal edilən kartof və digər kənd təsərrüfatı məhsullarında insan orqanizmi üçün ziyanverici məhsulların aşkar edilməsi və həmin məhsulların istifadəyə yararsız olması da öz növbəsində bazarlarda qiymətlərin aşağı düşməməsinə təsir edən amillərdəndir.
Natiq