Bəzi hallarda bu və ya digər məsələ ilə bağlı bağlanmış əqdin yalan olması barədə ortaya fikirlər, iddialar çıxır. Yaxud əqdin bağlanması zamanı vacib hüquqi prosedurların nəzərə alınmadığı bildirilir. Bəs, görəsən əqd nədir və əslində əqd necə bağlanır?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən ƏQD mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Vəkilin sözlərinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər:
"Bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir".
Vəfa Qədirova deyir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir:
"Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir".
İnqilab