Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Dövlət Televiziyası Ulu öndər Heydər Əliyevə həsr olunmuş veriliş yayımlayıb

Özbəkistan Dövlət Televiziyası Ulu öndər Heydər Əliyevə həsr olunmuş veriliş yayımlayıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan Dövlət Televiziyası ilə birgə layihəsi əsasında «Heydər Əliyev ili» münasibəti ilə növbəti «Mənbələr sözləşəndə» adlı televiziya verilişini Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan-Özbəkistan dostluğu və dövlətlərarası münasibətlərində müstəsna xidmətləri olan Heydər Əliyevə həsr edib.

Newscenter.az xəbər verir ki, verilişin aparıcı Dildora Hasanova müstəqil Azərbaycanın memarı, fenomen şəxsiyyət olan Heydər Əliyevin həm Sovetlər dönənimdə, həm də Azərbaycan müstəqillik qazandıqdan sonra xalq, Vətən qarşısında xidmətlərini vurğulayaraq, Ulu öndərin Özbəkistana səfərləri, müstəqil Azərbaycan-Özbəkistan arasında münasibətlərin yüksək səviyyəyə qaldırılması istiqamətində işlərdən danışıb.

Verilişə müsahibə verən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət və çoxsahəli fəaliyyəti barədə məlumat verərək, Heydər Əliyevlə Özbəkistan dövlət rəhbəri Şərəf Rəşidov, birinci prezident İslam Kərimov arasında sıx dostluq əlaqələrinin olması, bu böyük şəxsiyyətlərin təşəbbüsü ilə keçirilən böyük, mədəni tədbirlərin Özbək və Azərbaycan xalqlarının möhkəm dostluq və qardaşlığının ifadəsi kimi dəyərləndirib.

Samir Abbasov keçmiş SSRİ-də türk və müsəlman respublikalarına qarşı ədalətsiz təxribatlar fonunda Heydər Əliyevin daim öz xalqının, həm də qardaş xalqların maraqlarını qoruduğunu, Özbəkistanla münasibətlərimizə xüsusi önəm verdiyini qeyd edib.

O, bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk işlərdən biri kimi Özbəkistanla dövlətlərarası əlaqələrin yaradılması və Daşkənddə Azərbaycanın Səfirliyinin fəaliyyət göstərməsi olub. Diplomat Heydər Əliyevin layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən qeyd olunan uğurlu siyasətin davam etdirildiyini və münasibətlərimizin daha yeni müstəviyə –strateji müttəfiqlik səviyyəsinə qaldırıldığını vurğulayıb.

Özbək tarixçi-jurnalist Şuxrat Salamov Azərbaycan və Özbək xalqlarını birləşdirən çox sayda dəyərlərin olduğunu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin səyləri nəticəsində hələ Sovet dövründə Azərbaycanda Özbəkistan, Özbəkistanda isə Azərbaycan mədəniyyət günlərinin təşkil edildiyini qeyd edib. O, Heydər Əliyevin hələ Sovet rəhbərliyində təmsil olunarkən daim Özbəkistanı dəstəklədiyini vurğulayaraq, Özbək xalqının da Heydər Əliyevin bu xidmətlərini unutmadığını və onun adının qardaş ölkədə əbədiləşdirildiyini qeyd edib. Şuxrat Salamov söyləyib ki, bu gün Heydər Əliyevin Daşkənddə adını daşıyan küçə, böyük meydan-park və ən əsası Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığını, mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində səylə çalışan, uğurlu missiya həyata keçirən Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, bu da şərəfli və təqdirəlayiq hal kimi dəyərləndirilir.
Ekran əsərində Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər salan jurnalist Dildora Hasanova onun arzularının reallaşdığını, Türk dövlətləri arasında qardaşlıq və həmrəyliyin tərəqqi etdiyini qeyd edib. O, Heydər Əliyev irsinin Özbəkistanda tanıdılması və onun adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin iki xalq, iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə danışıb, Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyini ziyarət edərək ulu öndərlə bağlı xatirələri bölüşüb.

Anar
Xəbəri paylaş