“Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki konfransının materiallarının növbəti, 21-ci kitabı çapdan çıxıb.
Newscenter.az-a Azad Vətən Partiyasından bildirilib ki, Qarabağın erməni işğalından azad edilməsi yolunda indiyədək aparılmış mübarizənin bir istiqaməti də elmi-ideoloji xarakter daşıyır. Bu yolda Qarabağ Azadlıq Təşkilatının da inkaredilməz əməyi var. Uzun illərdir ki, QAT-ın rəhbərliyi ilə “Qarabağ dünən, bu gün və sabah” elmi-praktik konfransı keçirilir və tədqiqatçıların, alimlərin elmi məqalələri kitab şəklində çap edilərək ictimaiyyətin ixtiyarına verilib.
Kitabda Azərbaycan-Ermənistan münaqişənin səbəbləri, gedişatı, nəticələrinin analizi, siyasi-diplomatik proseslərin dəyərləndirilməsi, obyektiv beynəlxalq rəyin formalaşdırılması, Qarabağ və Zəngəzur regionlarının inkişaf perspektivlərinin müzakirəsi və onların ictimailəşdirilməsi, elmi tədqiqatların stimullaşdırılması və digər mövzularda məqalələr toplanmışdır.
Qarabağ Azadlıq Təşkilatı qeyri-hökumət təşkilatı statusunu dəyişərək Azad Vətən Partiyası kimi siyasi platformada yenidən qurulsa da, öz mübarizə metodlarını qoruyub saxlayır və elmi-ideoloji fəaliyyətini davam etdirir. Bu il “Qarabağ dünən, bu gün və sabah” 22-ci konfransının keçirilməsi planlaşdırılır.
Mehman